Əməkdar jurnalist Tahir Talıblı doğum gününü qeyd edirbackend

Azərbaycan mətbuatında öz mükəmməl dəsti-xətti ilə seçilən, folklorumuzun, xalq yaradıcılığı nümunələrimizin yaşadılmasında, gələcək nəsillərə ötürülməsində əvəzsiz rolu olan tanınmış şair, əməkdar jurnalist Tahir Talıblının doğum günüdür.

Maşayev Tahir İslam oğlu (Tahir Talıblı) 1948-ci il fevralın 22-də Ermənistan SSR-nin Cəlaloğlu rayonunun Evli kəndində anadan olmuşdur. Burada kənd orta məktəbini bitirdikdən sonra təhsilini 1968–1972-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsində davam etdirib. 1974-cü ildə əmək fəaliyyətinə doğma kəndində dil-ədəbiyyat müəllimi kimi başlayan Tahir Talıblı 1975-1980-ci illərdə həmin orta məktəbin direktor müavini, 1980-1988-ci illərdə isə məktəbin direktoru vəzifəsində çalışıb.

1988-ci ildə erməni ekstremistlərinin təhdid və təzyiqi üzündən on minlərlə soydaşımız kimi öz dədə-baba yurdunu tərk etməyə məcbur olan Tahir Talıblı həmin ildən Bakı şəhərində yaşayır.

“Azərbaycan gəncləri” qəzetində ilk şeirləri ilə oxucuların görüşünə gələn Tahir Talıblı 1970-ci ildən silsilə şəkildə publisistik yazıları ilə mətbuatda çıxış edib.

“Yeni fikir” qəzetinin əməkdaşı, sonra həmin qəzetin baş redaktoru kimi fəaliyyət göstərmiş Tahir Talıblı (1992-1993) Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətində Radio verilişləri redaksiyasının Güney Azərbaycan şöbəsində redaktor vəzifəsində çalışıb.

1993-cü ildən 2020-ci ilə qədər Azərbaycan radiosu “Xalq yaradıcılığı” redaksiyasında baş redaktor vəzifəsində çalışıb.

Uzun illər baş redaktoru olduğu “Xalq yaradıcılığı” redaksiyasında müxtəlif tədqiqat xarakterli verilişlər efirə vəsiqə qazanıb. “Bulaq”, “Gündoğandan günabatana”, “Yazıya pozu yoxmuş”, “Xeyrə qənşər”, “Aşıq gördüyün çağırar” ,”Yerin-yıırdun adın andım”, “İlmə”, “Şirvan nəfəsi”, “Divani saz-söz məclisi”, “Dastan saatı”, “Qərib axşamlar”, “Şirvan şikəstəsi”, “Tərəkəmə” folklor rəqs toplusu, “Yurd yeri”, “Soyumuz-soykökümüz” “İrəvan çuxuru” kimi verilişlər yarandığı gündən dinləyicilərin diqqət və marağını qazanıb.

Xalq yazıçısı Mövlud Süleymanlının qələminin məhsulu olan “Bulaq” 1969-cu ilin noyabrında dinləyicilərlə görüşə gəldi. 1993-cü ildən “Bulağ”ın ssenari müəlliflərindən biri olan Tahir Talıblı Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 10 noyabr 2011-ci il tarxində “Əməkdar jurnalist” adi ilə təltif olunub.

“Sevgi harayı”, “Yazılmamış şeirlər”, “Yollara çıxmışam”, “Bizi yurd saxlar”, “Bu tale dediyin nədi”, “Qurdu qəmgin, quşu qərib” kimi şeir kitablarının, “Vaxt vaxtında gəlir” adlı publisistik kitabın müəllifidir

Azərbaycanın görkəmli dövlət və elm xadimi, tibb elmləri doktoru, professor Əziz Əliyevin həyat və yaradıcılığı haqqında ərsəyə gətirdiyi “Əziz Əliyev: dövrü, həyatı, şəxsiyyəti” adlı kitabı da 1997-ci ildə işıq üzü görüb.

Tahir Talıblı “Aşıq Məhəmməd Sadaxlı”, “At igidin qardaşıdır”, “O quzeylər” , “Deportasiya” kimi filmlərin ssenari müəllifidir.

Azərbaycan ədəbi mühitində əsasən xalq yaradıcılığı, milli-mənəvi dəyərlər, folklor, aşıq sənəti kimi xalqımızın genetik kodlarını tərənnüm edən poetik nümunələri ilə seçilən Tahir Talıblı dilimizin, adət-ənənələrimizin təbliğində əvəzsiz xidmətlər göstərmiş, uzun illər bu sahədə sanballı əsərlər ortaya qoyub.

Dəyərli ziyalımızı yubileyi münasibətilə səmimi qəlbdən təbrik edir, ona can sağlığı, uzun ömür arzu edirik.