Sentyabrın 14-də “Azərbaycan Hava Yolları” rəhbərliyi və Milli Məclis üzvləri arasında keçirilən görüşdə iştirak etdik.Görüşdə rəhbərlik tərəfindən AZAL-ın inkişaf strategiyası, aviasiya sənayesinin üzləşdiyi çətinliklər və gələcək planlar haqqında məlumat verildi. Marşrut şəbəkəsinin genişləndirilməsi, hava gəmiləri parkının modernləşdirilməsi və aviaşirkətin qiymət siyasəti ilə bağlı məsələləri birgə müzakirə etdik.
“Yeni Gundem” xəbər verir ki, deputat bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
Tədbirdə çıxış edərək bildirdim ki, möhtərəm Prezidentin sərəncamı ilə 2007-ci ildən etibarən ölkəmizdə xaricdə təhsil üzrə dövlət proqramı həyata keçirilir. Bu proqram çərçivəsində təhsil alan tələbələr ildə bir dəfə dövlətimiz tərəfindən ödənişsiz olaraq təhsil aldıqları ölkəyə və vətənə dönüş etmək üçün aviabiletlər ilə təmin olunurlar. Təklifim ondan ibarətdir ki, xaricdə fərdi qaydada təhsil alan, yüksək akademik göstəricilərə malik olan tələbələr üçün də eyni güzəşt AZAL tərəfindən həyata keçirilsin və onlar da bir dəfə ödənişsiz biletlə təmin olunsunlar. Bu da ölkəmizdə savadlı və bilikli gənclərin artmasına öz töhfəsini verəcəkdir.
Qeyd etmək istərdim ki, əlaçıları mükafatla təltif etmə bundan öncə işlədiyim Rusiyanın Azərbaycanlı Gənclər Birliyində Birliyin sədri hörmətli Leyla xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilirdi. İl ərzində yüksək nəticə göstərən tələbələr təqaüd əldə edərək il sonunda şəxsən Leyla xanım tərəfindən diplomlarla təltif edilirdilər. Tələbələrə bu cür yanaşma və mükafatlandırılma savadlı kadrların formalaşmasında böyük rol oynayan bir faktordur. Təhsilimizin daha da inkişafı üçün bu cür addımların atılmasını çox diqqətəlayiq hesab edirəm.