Ən yaxşı müalicə erkən diaqnostikadır – FOTOLARbackend

Noyabrın 12-də Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin və “Sağlamlığın Qorunması” İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Erkən diaqnoz sağlamlığın yoludur” mövzusunda seminar keçirilib.

“Yeni Gundem” xəbər verir ki, “Sağlamlığın Qorunması” İctimai Birliyinin sədri Yazgül Abdıyeva son illər dünyada, eləcə də ölkəmizdə qəfil ölümlərə rastgəlmə tezliyinin artdığını, bunun əsas səbəbinin patologiyaların vaxtında aşkarlanıb müalicə edilməməsi olduğunu bildirib: “Belə bir deyim var: ən yaxşı müalicə erkən diaqnostikadır. Bir sıra xəstəliklərin səssiz inkişaf etməsi, bəzilərinin əlamətlərinin isə digər xəstəliklərin simptomları ilə qarışdırılması səbəbindən ya ani ölüm halları qeydə alınır, ya da xəstəliyin müalicəyə tabe olması çətinləşir. Odur ki, erkən diaqnostika həyat xilas edir deyimi əbəs deyil. Qəfil ölüm hallarının ən əsas səbəbi ürək-damar sistemi xəstəlikləridir. Təəssüf ki, vətəndaşlar nəinki ildə ən azı bir dəfə müayinədən keçmirlər, hətta sağlamlıqlarında baş verən dəyişikliklərə biganə yanaşırlar. Qəfil ölüm hallarının cavanlaşması, son zamanlar gənclər arasında müşahidə olunması isə ciddi narahatlıq doğurur. Odur ki, burada əhalinin vaxtlı-vaxtında müayinəyə cəlb edilməsi mühüm əhəmiyyət kəsb edir. Bunun üçün isə maarifləndirmənin rolu əvəzsizdir. Ölkəmizdə xüsusilə də regionlarda belə tədbirlərin davamlı keçirilməsi ilə irəliləyişə nail ola bilərik”.
Tədbirdə çıxış edən Olimp Hospitalın direktoru, qastroenteroloq-hepatoloq Aqil Ağakişiyev, “Azərbaycan Endoskopik Laparoskopik Cərrahi Assosiasiyası” İctimai Birliyinin sədri, tibb elmləri doktoru Müşviq Həsənov, “YAŞAM” Tibb Mərkəzinin kardioloqu Nurəddin Əhədov, Elmi-Tədqiqat Kardiologiya İnstitutunun elmi katibi, tibb üzrə fəlsəfə doktoru Təranə Cavadova erkən diaqnostika və doğru müalicənin xərçəng, qaraciyər serozu kimi çarəsiz bilinən xəstəliklərin qarşısını almağa kömək etdiyini bildiriblər. Qeyd olunub ki, erkən diaqnostikadan keçməklə ürək-damar xəstəlikləri kimi qəfil ölümlərə səbəb olan xəstəliklərlə effektiv mübarizə aparmaqla yanaşı, onları yaradan amillərdən uzaq durmaq barədə məlumatlanmaq da mümkündür. Çıxış edənlər Azərbaycanda səhiyyənin istər özəl, istərsə də dövlət səviyyəsində xeyli inkişaf etdiyini diqqətə çatdırıb, icbari tibbi sığortanın tətbiqinin, maliyyə problemi olan insanların dövlət qayğısı ilə əhatə olunmasının erkən diaqnostikada əhəmiyyətindən bəhs ediblər. Vətəndaşlar icbari tibbi sığortadan yararlanıb vaxtında həkimə müraciət edə biləcəklər ki, bu da xəstəliklərin erkən aşkarlanmasında böyük rola malikdir. Çıxışlar zamanı, həmçinin xəstələrin həyat keyfiyyətinin yüksəldilməsi, xəstəliklərin erkən aşkarlanmasında həkimlərin rolundan danışılıb, onların xəstənin şikayətlərinə düzgün yanaşmaları, xəstəliyə diaqnoz qoymaları üçün lazım olan bütün üsullardan istifadə etməli olduqları vurğulanıb. Diqqətə çatdırılıb ki, bunun üçün həkimlər elmi-texniki imkanlardan istifadə etməli və onlar üçün yazılmış elmi protokollara əməl etməlidirlər.
Tədbir zamanı “Azərbaycan Endoskopik Laparoskopik Cərrahi Assosiasiyası” İctimai Birliyinin sədri, tibb elmləri doktoru Müşviq Həsənov, Olimp Hospitalın həkimləri Afaq Musayeva və Nəzrin Sultanlı müxtəlif xəstəliklərin, xüsusilə də kardioloji xəstəliklərin erkən diaqnostikasının vacibliyindən bəhs edən təqdimatlarla çıxış edib, mövzulara dair sualları cavablandırıblar.
Seminar çərçivəsində, həmçinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmış “Erkən diaqnoz sağlamlığın yoludur” filmi nümayiş etdirilib. Filmdə qeyd olunub ki, Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən, ürək-damar xəstəlikləri dünyada ölümlə nəticələnən xəstəliklər arasında birinci yerdədir. Statistikaya əsasən, hər il 18 milyona yaxın insan bu səbəbdən həyatını itirir. Təşkilat bildirir ki, ürək xəstəlikləri ölümlərin 31 faizini təşkil edir. Siqaret çəkmək, yanlış qidalanma, hərəkətsizlik, duzlu qidaların və spirtli içkilərin qəbulu insanlarda təzyiqin və qan şəkərinin, eləcə də çəkinin artmasına gətirib çıxarır. Hesablamalara görə, ürəklə bağlı ölümlərin üçdəbiri 70 yaşdan aşağı insanlar arasında qeydə alınır və bu rəqəm durmadan artır. Dünyada olduğu kimi Azərbaycanda da ürək-damar xəstəliklərindən ölənlərin sayı digər xəstəliklərdən həyatını itirənlərin sayından daha çoxdur.
Filmdə bir sıra mütəxəssislərin fikirlərinə də yer verilib. Onlar əhalini sağlamlıqlarına laqeyd yanaşmamağa, zərərli vərdişlərdən uzaq durmağa, hər hansı bir şikayət olduğu zaman mütləq həkimə müraciət etməyə çağırıblar.