Ermənilər bizim Qafqazla aramıza soxulmuş bir xəncərdir – Türk rəsmisibackend

Türkiyənin Kocaeli şəhərində fəaliyyət göstərən Heydər Əliyev Mədəniyyət Evi Dərnəyi və Türkiyə Daxili İşlər Nazirliyi Mülki Toplumla Əlaqələr Mərkəzinin birgə təşkilatçılığı ilə “Erməni ordusu və dəstələri tərəfindən gerçəkləşdirilən qətliamlar” adlı konfrans keçirilib.

“Yeni Gündəm”-in verdiyi məlumata görə, Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının sədri və Kocaeli Azərbaycan Heydər Əliyev Mədəniyyət Evi Dərnəyinin rəhbəri Bilal Dündarın ev sahibliyində keçirilən konfransa AKP Kocaeli millət vəkili İlyas Şəkər, AKP İstanbul millət vəkili Şamil Ayrım, Bələdiyyə sədrinin əvəzi Yaşar Çakmak, proqram koordinatoru Alptəkin Cevhərli, Azərgənc Dərnək başqanı Sinan Çalışkan, Kocaeli Rumeli Türkləri sədrinin əvəzi Abdurrahman Yılmaz, İzmit bələdiyyəsinin mətbuat katibi Cem Şakoğlu, Bütov Azərbaycan Birliyi Yidarəetmə Şurasının sədri Agil Səmədbəyli və sair kimi çoxsaylı tanınmış şəxslər qatılıblar.

Türkiyə və Azərbaycan dövlət himnləri səsləndirildikdən sonra çıxış edən proqram koordinatoru Alptəkin Cevhərli, “Ermənilərin türklərə qarşı törətdiyi soyqırıma qarşı ilk konfransı ötən il təşkil etmişdik və bu gün ikinci belə bir tədbiri təşkil etməkdən qürur duyuruq” deyərək bu bir il ərzində görülən işlərdən söz açıb.

Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının sədri və Kocaeli Azərbaycan Heydər Əliyev Mədəniyyət Evi Dərnəyinin rəhbəri Bilal Dündar onların təşkilatçılığı ilə “Soyqırım” muzeyi açıldığını və içində 134 əsərin sərgiləndiyini bildirib.

“2015-ci ildə İzmit Bələdiyyəsi ilə birlikdə Bakıda İzmit Parkı açıldı. Burada, İcra hakimiyyətinin binası qarşısında biz də Xocalı şəhidlərinə abidə ucaltdıq. Cəmiyyəti bilgiləndirmək vacibdir. Bu illər ərzində çox təhditlərlə üzləşdim, nə qədər çox çalışdıq, qarşımıza bir o qədər çox maneə çıxdı. Amma Kocaelidə tarix yazdığımızı düşünürəm. Qəhrəman Azərbaycan ordusu Ermənistanın qəsb etdiyi torpaqları geri aldı. Müharibə vaxtı başda prezidentimiz, siyasi partiyalar Azərbaycanın yanında olmasına rəğmən, Kocaelidəki millət vəkillərimiz, bələdiyyə başqanlarımız, siyasi partiyaların vilayət və rayon sədrləri, qeyri hökumət təşkilatlarının rəhbərləri və sair bizim Mədəniyyət Evinə gələrək, öz dəstəklərini veriblər və Azərbaycanın yanında olduqlarını bildiriblər” deyən B.Dündar çıxışının sonunda qeyd edib ki, yaxın vaxtlarda Kocaelidə şəhid general Polad Həşimov adına parkın açılışı olacaq.

AKP İstanbul millət vəkili Şamil Ayrım bildirib ki, İğdır-Qars bölgəsinin yetiştirdiyi millət vəkilidir və ermənilərin türk millətinə etdiyi zülmün nə qədər ağır olduğunu açıq görür: “Onlarla toplu məzar var. O günün acılarını biz heç vaxt qaşımaq istəməzdik. Amma hara qədər? Azərbaycan 1991-ci ildə müstəqilliyinə qovuşdu və bu zaman ruslardan dəstək alan ermənilər Azərbaycan torpaqlarının 20 faizini işğal etdi, insanlar evlərindən, torpaqlarından didərgin salındılar və onlar 30 il öz yurdlarına qayıtmaq üçün mübarizə apardılar. BMT-nin qərarları yerinə yetirilmədi. Şəxsən məndən soruşsanız, deyərəm ki, Ermənistan adlı dövlət yoxdur, sadəcə xalqını düşünməyən, enerjisini, təhlükəsizliyini Rusiyadan, Amerikadan, Avropadan alan bir Ermənistan var. Bir ölkə öz vətəndaşlarını niyə bu qədər cəzalandırır? Baxın, ən qəsa yol Ermənistandan keçir, bu gün qarşılarına çox gözəl fürsət çıxıb. Prezidentimiz də dedi: Gəlin bu bölgədə sülhü, dostluğu, qonşuluğu daha da gücləndirək, iqtisadiyyatımızı canlandıraq. 10 noyabrda bir saziş imzalanıb, orada Zəngəzur dəhlizinin açılması qərara alınıb. Ermənilər qarşı çıxır, amma Rusiya “hə” deyir və görünən odur ki, bu dəhliz mütləq açılacaq”.

AKP Kocaeli millət vəkili İlyas Şəkər də qeyd edib ki, tarixi bilmək vacibdir, yoxsa gələcəklə bağlı tədbirləri almaq mümkün deyil: “Ermənilərlə türklərin görüş nöqtəsi Səlcuqlar dönəminə uzanır. 700 ildir problemsiz şəkildə birgə yaşamışıq. Osmanlı – Rusiya müharibəsindən sonra Osmanlını, Anadolu torpaqlarını paylaşmaq istəyən xarici qüvvələr ermənilərdən istifadə etməyə başlayır. Onlar da başlayır türklərə qarşı Anadoluda, Qafqazda qətliamlar törətməyə. Təəssüf ki, PKK-nın da içində erməniləri görürük. Türkiyə gücləndikcə, böyüdükcə, inkişaf etdikcə ona qarşı hücumlar da davam edəcək”.

İ.Şəkər vurğulayıb ki, bu gün Türkiyənin güclü olması, Azəbaycanın Qarabağdakı qələbəsinə öz töhfəsini verib. “Türkiyənin verdiyi mənəvi və texniki dəstək vacib idi. Müdafiə sənayesində 70 faiz milliləşmə var. Bunu Qarabağda, eynilə də Anadolunun cənub-şərqində gedən əməliyyatlarda görürük. Ona görə də Türkiyəni sıxışdırırlar. Biz bu gerçəkləri görməliyik. Ermənilər həyata keçirdiyi qətliamları Türkiyənin boynuna yükləməyə çalışırlar. Hər şey açıq aydın görünür”, – deyə o bildirib.

Kocaeli Böyükşəhər Bələdiyyəsinin sədr əvəzi Yaşar Çakmak isə “Ermənilər bizim Qafqazla aramıza soxulmuş bir xəncərdir. Əsrlər boyu hər zaman himayə etdiyimiz, qoruduğumuz və dövlətdə yüksək vəzifələrə gətirdiyimiz bu insanlar ən çox ehtiyac duyduğumuz zamanda, 1915-ci ildə insanlarımız can verərkən Şərqi Anadoluda üsyana başladılar. Onların yerləri dəyişdirildi. Hələ də aramızda dövlətdən kömək alan, parlamentdə oturan, 1915-ci il hadisələrini unutmayın deyənlər var. Azərbaycanla birlik və dostluq dünya üçün vacibdir, bu məsələ üzərində işləmək və gələcək nəsillərə ötürmək bizim borcumuzdur” deyib.