Ermənilərin girov götürdüyü Cəmil Babayev kimdir?backend

Ermənistan tərəfin əsir götürdüyünü iddia etdiyi Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Babayev Cəmil Natiq oğlu  bir ildir ki, müddətdən artıq həqiqi hərbi xidmətə başlayıb. N saylı hərbi hissədə xidmət edən Cəmil Babayevin anası da həmin hərbi hissənin camaşırxanasında işləyir.

Cəmil Babayev Goranboy rayonu “1 may” kəndindəndir, bu barədə Anews.az-a onun ailə üzvləri məlumat verib.

Ermənistan mətbuatının yazdığına görə, Cəmil Babayev avqustun 25-də Ağdərə şəhərinin Teryan küçəsində yerləşən mənzildə yaxalanıb və qondarma Daqlıq Qarabağ respublikasının Milli Təhlükəsizlik Xİdmətinə təhvil verilib. O,  casusluq etmə, Qondarma Dağlıq Qarabağ Respublikası sərhədini qanunsuz keçmə və azyaşlı uşaqları ölümlə hədələmədə günahlandırılır. Ona qarşı cinayət işi qaldırılıb.

Azərbaycan Müdafiə nazirliyi isə bildirir ki,  müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Babayev Cəmil Natiq oğlu Gəncə hospitalının psixiatriya bölməsini özbaşına tərk edib. Onun barəsində cinayət işi başlanılıb, araşdırma aparılır.

Ehtimal olunur ki, hərbi qulluqçumuz Rusiya sülhməramlılarının nəzarətində olan əraziyə keçib.

Cəmil Babayevin hazırda harada saxlanması və durumu barədə hələlik məlumat verilmir.