“Ermənistan bütün cəbhələrdə Azərbaycana açıq-aşkar uduzur” – Kamilə Əliyevabackend

“İşğalçı və təcavüzkar Ermənistan bütün cəbhələrdə Azərbaycana açıq-aşkar uduzur. Bu məğlubiyyət, bu uğursuzluq xüsusilə də “Valday”dan, Aşqabad Sammitindən, Türk Şurası və Qoşulmama Hərəkatının Zirvə görüşlərindən, Münxen Təhlükəsizlik Konfransı və “Şərq Tərəfdaşlığı”nın sonuncu toplantısından sonra daha da sürətlənib. Ermənistan ardıcıl olaraq sarsıdıcı siyasi-diplomatik zərbələr almaqdadır”.

Bu fikirləri  Milli Məclisin deputatı Kamilə Əliyeva deyib.

K.Əliyeva bildirib ki, iyulun 12-də Azərbaycan-Ermənistan sərhədinin Tovuz istiqamətində törədilən növbəti hərbi təxribatdan və fitnəkarlıqdan sonra ermənilərin, Ermənistanın hər mənada çöküşü başlayıb. Azərbaycan Ordusunun layiqli cavabından sonra geri oturdulan işğalçı ölkədə əsl siyasi, iqtisadi, hərbi xaos, anarxiya yaşanmaqdadır. Hətta illərdir onlara arxa duran, Azərbaycan üzərinə hücum əmri verən dairələr, mərkəzlər, açıq-gizli havadarlar, dəstəkçilər belə onların köməyinə yetişə bilmir. Tovuz istiqamətində döyüşlərdə məğlubiyyətdən sonra qorxaqcasına və müticəsinə yalvardıqları, qapısını döydükləri Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) də onlardan imtina etdi. “Minskdə yaşananlar, bədnam və sərsəm Paşinyanın tək buraxılması, heç kim tərəfindən ciddiyə alınmaması isə biabırçılığın son həddi və göstəricisi oldu. Çünki KTMT artıq Ermənistanın oyununa, təxribatına gələ bilməzdi. Bu qurumdakı bütün dövlətlər Azərbaycanın dostları, müttəfiqləridir və bu, hər kəsə də məlumdur. Onlar Azərbaycan əleyhinə olan heç bir addıma gedə bilməzdilər və getmədilər də. Təcavüzkar Ermənistan və onların havadarları bununla növbəti siyasi-diplomatik zərbələrini aldılar. Son çarə yüz illərdir təxribatlarla, yalan-böhtan istehsalı ilə məşğul olan, hər yerdə terror havası əsdirən erməni lobbisi və diasporu idi ki, Ermənistan, təxribatçı, fitnəkar, avantürist Paşinyan hakimiyyəti bu gözləntisində də istədiyinə nail ola bilmədi, əksinə, daha da rəzil və bərbad duruma düşdü”, – deyə K.Əliyeva qeyd edib.

Xaricdə yaşayan həmvətənlərimizin, diplomatik nümayəndəliklərin fəaliyyətini yüksək qiymətləndirən Kamilə Əliyeva bildirib ki, Ermənistanın son təxribatına və fitnəkarlığına qarşı yaşadıqları ölkələrdə ayağa qalxan vətənpərvər soydaşlarımız, həmvətənlərimiz yüksək həmrəylik nümayiş etdirərək dinc aksiyalara qoşuldular. Bu zaman həm Ermənistan, həm də Ermənistanı idarə və himayə edən dairələr tərəfindən “dirijor çubuğu ilə hərəkət gətirilən” faşist, terroist düşüncəli, nasist ruhlu erməni lobbisi, erməni diasporu soydaşlarımıza, həmvətənlərimizə qarşı çox alçaq və murdar addımlara, təxribatlara əl atdılar, açıq-aşkar güc, zor tətbiq etməkdən, terror havası yaşatmaqdan çəkinmədilər. Bununla da əslində bir daha öz əsl mürtəce simalarını, iç üzlərini, mahiyyətlərini nümayiş etdirdilər. Göstərdilər ki, nə Ermənistanda, nə də xaricdə yaşayan ermənilər, erməni lobbisi və disporu üçün dəyişən heç nə yoxdur. Onlar heç zaman faşist, terrorçu düşüncələrindən, fitnəkar addımlarından əl çəkməyiblər və çəkməyəcəklər. Amma gündən-günə iflasa uğrayan erməni lobbisi də, onun arxasında dayanan Ermənistan və digər güc mərkəzləri də yenə istədiklərinə nail ola bilmədilər. Soydaşlarımızın, həmvətənlərimizin son dərəcədə yüksək təmkini, soyuqqanlılığı sayəsində növbəti təxribatın, növbəti fitnəkarlığın da qarşısı alındı, “ikinci Sumqayıt” ssenarisinin, təxribatının baş tutmasına imkan verilmədi. Bundan sonra isə Paşinyan hökuməti daha da sarsılmış durumla üzləşdi və atılan isterik addımlar da bunun göstəricisidir.

“Bir daha Azərbaycan dövləti, Azərbaycan Ordusu, həmçinin, güclənmiş, təşkilatlanmış Azərbaycan disporu öz sözünü dedi, ermənilərə, Ermənistana, erməni lobbisinə öz gücünü, qətiyyətini, nələrə qadir olduğunu nümayiş etdirdi. Artıq “erməni lobbisi mifi” də darmadağın oldu və bundan sonra da özünə gələ bilməyəcək, buna imkan verilməyəcək”, – deyə deputat vurğulayıb.