“Ermənistan bütün məsuliyyəti Azərbaycan və Rusiyanın boynuna atmaq istəyirdi”backend

Ermənistan Laçın yolunun üçtərəfli bəyanatla müəyyən edildiyi humanitar statusunu pozub.

Bu barədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Bakıda rusiyalı həmkarı Sergey Lavrovla mətbuat konfransında bildirib.

O qeyd edib ki, Azərbaycan tərəfi iki il ərzində dəfələrlə bu dəhlizdən sui-istifadə hallarına dair həm bağlı kanallar vasitəsi ilə, həm də açıq şəkildə xəbərdarlıq edib: “Təəssüf ki, bunun bir xeyri olmadı və vəziyyət etirazlara gətirib çıxardı. Ermənistan tərəfi isə məsələyə dair mövqeyini düzəltməkdən imtina edərək, Baş nazir səviyyəsində onların bu məsələyə aidiyyətlərinin olmadığını bəyan etdi. Bununla da Ermənistan bütün məsuliyyəti Azərbaycan və Rusiyanın boynuna atmaq istəyirdi. Lakin Ermənistanın ziddiyyətli siyasəti bununla bitmir, məsələ ətrafında ajiotaj yaradaraq beynəlxalq ictimaiyyəti aldatmağa çalışır. Azərbaycan tərəfinin mövqeyi dəqiqdir. Biz məsələnin ilk günündən bu ərazidə, xüsusən də Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni əhalisi üçün hər hansı bir humanitar problemin yaranmaması üçün əlimizdən gələni edəcəyimizi bildirmişik. Bizim tələbimiz Azərbaycan vətəndaş cəmiyyətinin səsinin eşidilməsidir. Bütün çətinliklərə baxmayaraq, biz sülh gündəliyinin alternativinin olmadığının tərəfdarıyıq”.