“Ermənistan delimitasiya ilə bağlı məxfi danışıqlar aparır”backend

“Ermənistan-Azərbaycan sərhədinin demarkasiyası və delimitasiyası ilə bağlı hazırlıq prosesi sıfırdan başlayacaq. Ermənistan artıq Rusiyanın təklifinə razılıq verib”.

Bunu Ermənistan parlamentinin Müdafiə və Təhlükəsizlik məsələləri üzrə komissiyanın sədri, hakim “Vətəndaş müqaviləsi” partiyasının üzvü Andranik Koçaryan parlamentdə keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə, danışıqlar məxfi rejimdə həyata keçirilir. Koçaryan qeyd edib ki, məxfilik son dərəcə zəruridir, çünki məsələ sərhəddə qüvvələr balansına aiddir. “Bu atəş ocaqları meydana gəlsin deyə çox diqqətlə edilməlidir”.

Buna baxmayaraq, Koçaryan məsələ ilə bağlı əlavə detalları açıqlamayıb.

Bununla yanaşı, “Vətəndaş müqaviləsi” partiyasının üzvü, xarici məsələlər üzrə Komissiyanın sədri Eduard Ağacanyan bildirib ki, Ermənistan Rusiyaya sərhədin demarkasiyası və delimitasiyası prosesi çərçivəsində işə başlamaq üçün razılıq verdiyi barədə yazılı bildiriş göndərib.

“Texniki məsələlər barədə razılıq əldə olunduqda Ermənistan Komissiya yaratmağa və konkret işlərə başlamağa hazır olacaq. İşlərin məzmunu barədə danışmaq hələ tezdir, biz hazırlıq işlərinin başlamasından danışırıq”, – deyə Ağacanyan əlavə edib.