Ermənistan hakimiyyəti hərbi canilərin məhkəməsindən niyə narahatdır? – Deputat açıqladıbackend

Müxtəlif hərbi cinayətlərdə ittiham edilən erməni əsilli şəxslərin Bakıda keçirilən məhkəmə prosesi ilə bağlı Ermənistan hakimiyyəti ciddi narahatlıq keçirir. Çünki məhkəmə prosesində Ermənistan dövlətinin rəhbərlərinin cinayətləri təsdiqlənir. Arayik Harutunyan kimi hərbi canilərin etirafları Nikol Paşinyan və onun komandasında təşviş yaradır.

Bunu açıqlamasında Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.

O qeyd edib ki, I və II Qarabağ müharibəsində əli günahsız azərbaycanlıların qanına batmış erməni canilərin Bakıdakı məhkəməsi tarixi ədalətin təntənəsidir: “90-cı illərin əvvəllərində Azərbaycanda yaranmış qeyri-müəyyənlikdən istifadə edib torpaqlarımızı işğal edən, xalqımıza qarşı etnik təmizləmə, soyqırımı həyata keçirən erməni hərbi canilər Serj Sarkisyanlarlar, Robert  Köçəryanlar, Arayik Harutunyanlar nə vaxtsa ədalət məhkəməsi qarşısına çıxacaqlarını bəlkə də guman etmirdilər. Amma Ulu Öndər Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə qayıdışı ilə Azərbaycan dövlətçilik tarixində dönüş mərhələsi baş verdi. Ermənistanın işğal faktının da qarşısı alındı. Müzəffər Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqı 30 illik işğala son qoymağa nail oldu. Ermənistan hüquqa, beynəlxalaq qaydalara saymazyana yanaşmasına görə cəzalandırıldı”.

Deputat hesab edir ki, bu gün Azərbaycanda mühakimə edilən erməni hərbi canilər Xocalıda, Qaradağlıda, Malibəylidə və digər ərazilərimizdə günahsız dinc insanlara, qadınlara, qocalara, körpə uşaqlara, hamilə qadınlara divan tutduqlarına görə hüquq qarşısında cavab verirlər: “II Qarabağ müharibəsinin gedişində dinc şəhərləri, Gəncənin, Bərdənin, Tərtərin vurulması əmrini verənlər haqq-ədalət qarşısındadır. Onlar bu əmrləri məhz indiki Ermənistan rəhbərlərinin verdiyi etiraf edir. Ona görə də Paşinyan və onun komandası Bakıdakı məhkəmədə səslənən etiraflardan ciddi narahatlıq keçirir. Davamlı olaraq təqsirləndirilən erməni əsilli şəxslərin tibbi durumu ilə bağlı əsassız informasiyalar yaymaqla rəsmi İrəvan prosesi başqa səmtə yönəltməyə, diqqəti yayındırmağa çalışır. Amma bütün bu cəhdlər uğursuzdur. Təkbaşına beynəlxalq hüququ təmin edən Azərbaycan dövləti tarixi ədalətin də bərqərar olunmasına nail olacaq”.

Qeyd edək ki, hazırda Bakı Hərbi Məhkəməsində Ermənistan dövləti və onun silahlı qüvvələri, o cümlədən Ermənistan tərəfindən vaxtilə Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma “Dağlıq Qarabağ respublikası” və onun qanunsuz silahlı birləşmələri tərəfindən Azərbaycana və Azərbaycan xalqına qarşı sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, həmçinin təcavüzkar müharibə aparma, soyqırımı, əhalini məcburi köçürmə, təqib, işgəncə, hərbi soyğunçuluq və digər qanunsuz əməllərə dair cinayət işi üzrə açıq məhkəmə prosesi davam edir.