Ermənistan işğal etdiyi Azərbaycan ərazilərində misli görünməmiş dağıntılar törədib – Deputatbackend

Avrasiya məkanında ən uzunmüddətli münaqişə olaraq 30 ilə qədər davam edən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi zamanı Ermənistan işğal etdiyi Azərbaycan ərazilərində misli görünməmiş dağıntılar törədib. İnsanlarımıza qarşı törədilmiş qətliam, soyqırım cinayətləri ilə yanaşı təbiətimiz, ekologiyamız misli görünməmiş vəhşiliklərlə üzləşmişdir. Həmçinin Azərbaycan xalqına məxsus olan milli-mədəni irsimiz də erməni vandallığının dağntılarına, soyqırımına məruz qalmışdır.

“Yeni Gündəm”-in məlumatına görə, bunu Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.
O bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev bu günlərdə Şərqi Zəngəzur iqtisadi raynonuna daxil olan Zəngilan rayonunda xüsusi nümayəndənin təyin edilməsi ilə bağlı çıxışında bu məsələləri bir daha vurğulamışdır və ermənilərin bizim torpaqlarımızda vandallıq və talançılıqla məşğul olmalarını bir daha gündəmə gətirmişdir:
“Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusu 44 günlük Vətən müharibəsində tarixi Zəfər qazanaraq torpaqlarımızı işğaldan azad etməklə yanaşı həmçinin bu ərazilərdə erməni faşizminin, vandalizminin törətdiyi cinayətlərin araşdırılmasına, beynəlxalq ictimaiyyət və beynəlxalq hüquq qurumlarına müvafiq sənədlərin təqdim edilməsinə imkan yaratmışdır.
Ölkə Prezidenti çıxışında bir daha vurğuladı ki, hazırda işğaldan azad olunmuş ərazilərdə bu istiqamətdə işlər aparılır və təbii ki, erməni vandalları törətdiyi bu cinayətlərə görə beynəlxalq hüquq qarşısında cavab verməlidirlər.
Zəngilan raynonunda mövcud olan Şərq çinarlarının qorunduğu unikal Bəsitçay Dövlət Təbiət Qoruğu da erməni vandallarının dağıtılarına məruz qalmışdır. Qoruğun müvcud vəziyyətinin qiymətləndirilməsi üçün işğaldan azad olunmuş ərazilərə ezam olunmuş monitorinq qrupunun verdiyi məlumatlara əsasən Qoruğa aid olan 85 hektar meşə ilə örtülü sahəsinin 42 hektardan çox hissəsi tamamilə məhv edilmişdir. Çoxyaşlı qiymətli Şərq çinarı ağacları kəsilmiş, köklərinin itirilməsi üçün müxtəlif partladıcı maddələrdən istifadə edilmiş, ərazidə yanğınlar törədilmiş və Qoruğun inzibati binası dağıdılmışdır.
Digər ekoloji vandallıq ondan ibarət olub ki, burada yerləşən zəngin təbii sərvətlərimiz talan edilib. Ermənilər qızıl və digər dəyərli metal yataqlarını vəhşicəsinə istismar ediblər. Eyni zamanda burada yerləşən mis kombinatının bütün axıntılarını təmizləmədən Oxçuçay çayına axıdıblar. Yəni bir tərəfdən torpaqlarımız və təbii sərvətlərimiz istismar olunub, digər tərəfdən sularımız zəhərlənib”.
S.Hüseynova əlavə edib ki, ölkə Prezidentinin tapşırığı ilə qələbədən sonra işğaldan azad edilmiş bütün ərazilərdə “Böyük Qayıdış” proqramına uyğun olaraq minalardan təmizləmə, reinteqrasiya işləri aparılır və bu ərazilər böyük bir tikinti meydanına çevrilib.
“Məhz Zəngilan rayonu da beynəlxalq çıxışa malik olan bir ərazidə yerləşdiyi üçün burada bir neçə istiqamətdə 4 və 6 zolaqlı avtomobil yolları çəkilir. Zəngilan hava limanının da ilin sonuna qədər istifadəyə verilməsi nəzərdə tutulur. Həmin yollar Azərbaycanın əsas hissəsi ilə Naxçıvanı birləşdirəcək, eyni zamanda hava limanın beynəlxalq logistik mərkəz kimi fəaliyyəti üçün hər bir şərait yaradılacaq.
Əsas məqamlardan da biri ondan ibarətdir ki, Zəngilan raynonunda “ağıllı kənd” layihəsi artıq işini yekunlaşdırmaq üzrədir və işğaldan azad olunumuş ərazilərdən ilk olaraq Zəngilan rayonuna insanlar öz doğma torpaqlarına dönəcək. Burada insanların rifahı, rahatlığı və məşğulluğu üçün hər bir şərait yaradılır, onlar üçün burada elə bir şərait yaradılacaq ki, əvvəlkindən daha üstün yaşayacaqlar.
Zəngilan rayonunun iqtisadi potensialına uyğun olaraq addımların atılması ilə bağlı vəzifələr müəyyənləşib. Həm də Zəngilanın kənd təsərrüfatı rayonu olduğu üçün burada əkinçiliyin və heyvandarlığın inkişafından, eyni zamanda rayonun turizm imkanlarından lazımi səviyyədə istifadə edilməsi məsələləri də vurğulanmışdır.
Azərbaycanın işğaldan azad olunan əraziləri ən çiçəklənən diyara çevriləcək və burada rəqəmsal texnologiyalarının yaratdığı imkanlar, iqtisadi inkişafın və tərəqqinin malik olduğu bütün naliyyətlər öz əksini tapacaq”.