“Ermənistan revanşa çalışacaq”backend

“Ağdam, Kəlbəcər və Laçının güllə atmadan, itki vermədən Rusiya və Ermənistan qüvvələri tərəfindən boşaldılması və Azərbaycana qaytarılması Ordumuzun 44 günlük döyüşlərdə qazandığı parlaq qələbənin nəticəsidir”.

Daxili Qoşunların sabiq komandanı Fəhmin Hacıyev bu fikirləri açıqlamasında bildirdi. Onun sözlərinə görə, əslində atəşkəsdən qaçmaq mümkün olsaydı, müzəffər ordumuz işğalda olan bütün ərazilərimizi, o cümlədən Yuxarı Qarabağı tez bir zamanda azad edəcəkdi: “Biz döyüş meydanlarında parlaq qələbələr qazandıq. Ancaq xarici müdaxilə nəticəsində gediləsi yolumuz uzandı”.

Reallıq budur ki, bir çoxları uzun illərin stereotipindən çıxış edərək Rusiyadan ehtiyatlansa da, son zamanlar Rusiya daha konstruktiv görünür, nəinki məsələn, Fransa. Rusiya prezidentinin köməkçisi Peskov da Dağlıq Qarabağın Azərbaycan ərazisi olduğunu açıqlayıb. Bundan əvvəl prezident Putin də məsələyə nöqtə qoyaraq beynəlxalq hüquqa əsasən, Dağlıq Qarabağın Azərbaycana məxsusluğunu açıq mətnlə ifadə etdi. Ancaq Fransa parlamentinin davamlı təxribatları ondan xəbər verir ki, bir sıra dairələr bölgədə gərginliyin mövcudluğunda çox maraqlıdır. Üstəlik, ATƏT-in Minsk Qrupunun həmsədrləri yenə də peyda olaraq Dağlıq Qarabağın statusunu gündəmə gətirməyə çalışırlar. Hansı ki, Azərbaycan rəhbərliyi status məsələsinin keçmişdə qaldığını qəti şəkildə bəyan edib. Həmçinin bildirilib ki, Qarabağ erməniləri digər Azərbaycan vətəndaşları kimi normal yaşamaq hüququ əldə edəcəklər. Ancaq görünən budur ki, xarici katalizatorlar sabitliyin mövcudluğunda qəti şəkildə maraqlı deyillər. Belə olan təqdirdə düşmən təxribat edib, yenidən müharibəni alovlandıra bilərmi?

F.Hacıyev: “Düşmən öz havadarlarının köməyi ilə Qarabağın statusu üçün yenidən revanşa çalışacaq. Rusiya da bunun üçün sülhməramlı adı ilə olduğu ərazilərdə çox ciddi müdafiə sistemi qurmaqdadır. Bir sözlə, sülh müqaviləsi imzalanmasa, təhlükə hər zaman olacaq. Düşmənin məqsədinə çatmaması üçün sərhədlərimizi ciddi şəkildə möhkəmlətməliyik”.

Politoloq Məhəmməd Əsədullazadə isə Musavat.com-a dedi ki, Azərbaycan Ermənistan və Rusiya liderlərinin imza atdığı atəşkəs Bəyannaməsi Azərbaycanın qələbəsi idi: “Faktiki olaraq Azərbaycanın ərazi bütövlüyünün təsdiqi və erməni hərbi birləşmələrinin ölkəmiz ərazisindən çıxarılması təsbit edildi. Qrafikə uyğun olaraq üç rayon qaytarıldı. Rusiya burada üzərinə götürdüyü öhdəlikləri yerinə yetirir. Rusiyanın sülhməramlı qüvvələrinin Xankəndində olması və burada bəzi iqtisadi və sosial layihələr həyata keçirməsi, Qarabağın statusunu qabartması narahatedici məqamdır. Amma  Putin də dəfələrlə Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğunu qeyd edib”.

Bu məqamda vurğulayaq edək ki, D.Peskovun statusla bağlı fikirləri erməni mediasının da diqqətini cəlb edib. Rusiya rəsmisi Dağlıq Qarabağın statusu ilə bağlı ənənəvi mövqeni bir daha təkrarlayıb ki, bu da rəsmi Bakının mövqeyinə zidd yanaşmadır..

M.Əsədullzadənin fikrincə, Rusiyanın Qarabağla bağlı müəyyən planı var: “Ona görə də Türkiyənin sülhməramlı missiyasında birgə iştirakına qarşı çıxır və azərbaycanlı qaçqınların Xankəndiyə köçürülməsində maraqlı deyil. Düşünürəm ki, Qarabağla bağlı fikir ayrılıqları mövcuddur. Türkiyənin artıq müstəqil müşahidə məntəqəsi yaratmaqda israrlı olması və Moskva ilə birgə patrul sisteminin qurulması barədə qərar qəbul edilməsi Moskvanın Qarabağda müstəqil hərəkət etməsinin qarşısını alacaq. Moskva Qarabağda Azərbaycan əleyhinə bundan sonra çətin ki, qərarlar verə bilsin. Çünki Türkiyə və Azərbaycan bir yerdə bunun qarşısını alacaq. Putinin prezident İlham Əliyevə zəng etməsi əsasən, Türkiyə sülhmərmlı qüvvələrinin Azərbaycana gəlişi və Bəyannamadə göstərilən bəndlərin, Rusiya sülhməramlı qüvvələrinin fəaliyyəti ilə bağlı idi. Hesab edirəm ki, Putin də başa düşür ki, sülhməramlı missiya Azərbaycan daxilində ciddi narahatlıq doğursa, bu, Rusiyanın sülh missiyasına zərbə vuracaq. Onsuz da biz bilirik ki, Rusiya regionda “sülhməramlı” adı altında öz geosiyasi mövqeyini gücləndirir və erməniləri müdafiə edir. Buna baxmayaq, Türkiyə və Azərbaycan Rusiyanın bu siyasətinin qarşısını alacaq”.

Bütün bunlarla yanaşı, M.Əsədullzadə hesab edir ki, vəziyyətdən ciddi şəkildə narahat olmağa dəyməz: “Rusiyanın Ermənistanda da mövqeləri zəifləyir. Bu ölkə Cənubi Qafqazda strateji olaraq zəifləyir. Türkiyə faktoru daha da önə çıxır. Sadəcə, Kreml taktiki olaraq uğur qazansa da, burada Abxaziya, Cənubi Osetiya kimi ssenarilər mümkün olmayacaq. Lakin Rusiya Qarabağda özü üçün avtonom bir idarə mərkəzi yaradacaqsa, bu, onun Azərbaycan və Türkiyə ilə əlaqələrinə zərbə vura bilər. O halda bütün anlaşmalar pozular. Azərbaycan da buna icazə verməyəcək”.

Qeyd edək ki, artıq Türkiyə hərbçilərinin Qarabağda yerləşdirilməsilə bağlı problem ortadan tam qaldırılıb. Belə ki, Türkiyənin müdafiə naziri Türk hərbçilərinin yerləşməsilə bağlı texniki məsələlərin həll olunduğunu açıqlayıb. Eyni zamanda Rusiya tərəfi də Türkiyə hərbçilərinin Qarabağda olacağını təsdiqləyib. Bu da məlumdur ki, Türkiyə hərbçilərinin sayı Rusiya hərbçiləri ilə eyni olacaq. Deməli, hər hansı problemdən söhbət gedə bilməz. Heç kəs unutmamalıdır ki, burada əsas söz sahibi Azərbaycandır.