Ermənistan tərəfi əslində vəziyyəti gərginləşdirməklə özünü daha ağır duruma salır – Anar Məmmədovbackend

Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin avqustun 3-də səhər saatlarında Laçın rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun bölmələrinin mövqelərinin intensiv atəşə tutması qəsdən vəziyyəti gərginləşdirmək cəhdidir. Ermənistan çalışır ki, bu cür təxribatlar törətməklə Azərbaycanı da cavab tədbirləri görməyə təhrik etsin və gərginliyin miqyasını artırmaqla Azərbaycanı günahlandırsın. Digər tərəfdən Ermənistanın bu təxribatları Rusiya sülhməramlılarına qarşı yönəlib. Ermənilər bu yolla Rusiya sülhməramlılarının öz vəzifələrinin öhdəsindən gələ bilmədiyini, onların missiyasının uğursuz olduğunu göstərməyə çalışırlar. Bu qanlı insident bir daha Ermənistanın üçtərəfli razılaşmanı kobud şəkildə pozduğunu, eyni zamanda iki dövlət arasında münasibətlərin normallaşması istiqamətində səylərə xələl gətirdiyini nümayiş etdirir. 

Bu fikirləri “Yeni Gündəm”ə açıqlamasında Milli Məclisin deputatı Anar Məmmədov deyib.

Əsgərimiz Anar Kazımovun şəhid olmasından sonra qalib Azərbaycan Ordusu qanunsuz erməni dəstələrinə qarşı uğurlu “Qisas” əməliyyatı həyata keçirdi, düşmənə sarsıdıcı zərbə vuraraq onun çirkin niyyətinin qarşısını sərt şəkildə aldı. Azərbaycan Ordusu bölmələrinin keçirdiyi “Qisas” cavab əməliyyatı nəticəsində Qırxqız yüksəkliyi, həmçinin Kiçik Qafqaz dağ silsiləsinin Qarabağ silsiləsi boyu Sarıbaba və bir sıra digər əhəmiyyətli hakim yüksəkliklər bölmələrimizin nəzarətinə götürüldü.

Ordumuzun həyata keçirdiyi bu əməliyyat antiterror əməliyyatıdır, regionda sülhün və təhlükəsizliyin təmin olunmasına  xidmət edir. Lakin görünən odur ki, Ermənistan rəhbərliyi 44 günlük müharibəyə qədər dövrdə olduğu kimi bu dəfə də təxribatlara əl ataraq, kimlərinsə onları qoruyacağına ümid edir. Ermənistan rəsmiləri bununla  30 il bundan öncə olduğu kimi, hələ də xəyallardan çıxış etdiklərini və bölgədə mövcud olan yeni reallıqdan nəticə çıxarmadıqlarını nümayiş etdirirlər. Ermənistan tərəfi əslində vəziyyəti gərginləşdirməkə özünü daha ağır duruma salır. Bundan əvvəlki təxribatların da nəticələri hər kəsə məlumdur. Ermənistan müharibədən sonra həyata keçirdiyi təxribatların nəticələrini, 2020-ci ilin dekabrında Azərbaycanın həyata keçirdiyi anti-terror əməliyyatını unutmamalıdır.

Azərbaycan dəfələrlə bəyan edib ki, müharibədən sonra regionda yeni vəziyyət yaranıb və Ermənistan da yeni yaranmış vəziyyətdə əməkdaşlıqdan faydalana bilər. Lakin Ermənistan tərəfi yeni yaranmış əməkdaşlıq mühitindən faydalanaraq ölkədə mövcud olan böhrandan çıxmaq əvəzinə növbəti təxribatlara əl atır. Bu bir daha Ermənistanın sülh və əməkdaşlıq tərəfdarı olmadığını göstərir. Lakin əminliklə qeyd etməliyik ki, indiyə qədər olduğu kimi, bundan sonra da Azərbaycan tarixi məqsədlərinə çatmağa davam edəcək, Ermənistan rəsmi Bakının tələblərini yerinə yetirəcək. Bu məqamda Prezident İlham Əliyevin bu sözlərini xatırlatmaq lap yerinə düşər: “Müharibə onların yadından çıxmasın. Unutmasınlar ki, dəmir yumruq yerindədir. Biz xəbərdarlıq edirik, əgər belə təxribat xarakterli addımlar atılacaqsa, Ermənistan daha da peşman olacaq.”