“Ermənistan üçün güzəşt limiti bitib”backend

“Ermənistanda parlament müxalifətinin etirazlarının davamı hakimiyyətin dəyişməsi ilə nəticələnməyəcək. Bu etiraz qrupu erməni diasporunun və xalqın dəstəyini almır və birbaşa Kremlin göstərişi ilə Nikol Paşinyana təzyiq etmək üçün həyata keçirilir. Etirazların arxasında olan Robert Koçaryan və Serj Sarkisyanın əsas hədəfi mövcud iqtidarı devirməkdir. Vaşinqtonun Nikol Paşinyana dəstək verməsi “Qarabağ klanı”nın onların silahlı yolla hakimiyyəti dəvirməsinin qarşısını alır. Kremlin Ermənistanı rəvanşistlərin əli ilə qarışdırmaq və sülhü pozmaq cəhdləri səmərəsiz olacaq”.

“Yeni Gündəm” xəbər verir ki, bu barədə siyasi şərhçi Məhəmməd Əsədullazadə deyib.

O bildirib ki, Qarabağ separatçıları ilə Paşinyan arasında ciddi münaqişə yaşanır: “Xankəndində silahlı şəxslərin ortaya çıxması və atəş açması məhz rəvanşistlərin vəziyyəti gərginləşdirməsidir. Bununla Paşinyana mesaj verərək onu sülhə getməməyə təşviq edirlər. Rəvanşistlərin cəhdlərinin uğursuz olacağı şübhəsizdir. Ermənistan hakimiyyəti, konkret olaraq, Azərbaycanla danışıqlarda separatçıların təkliflərini nəzərə almır və prosesi beynəlxalq hüquqa uyğun aparmağa çalışır. Qeyd edim ki, Nikol Paşinyan ABŞ başda olmaqla, bütün Qərbdən Azərbaycanla münasibətlərin normallaşmasına nail olmaq üçün lazımi dəstəyi alır. Paşinyanın Avropaya səfəri çərçivəsində erməni diasporunun bununla bağlı dəstəyi alması mümkündür. Çünki alternativ variant yoxdur. Onu da qeyd etmək lazımdır ki, rəvanşistlər Xankəndində sülhə mane olarsa, Azərbaycan anti-terror əməliyyatlarına start verə bilər. Prezident İlham Əliyevin prinsipial mövqeyi açıq-aşkar göstərir ki, Ermənistan üçün güzəşt limiti bitib”.