Ermənistanda etirazçılar parlamentə girişi bağlayırbackend

Ermənistanın müxalif qüvvələri parlamentə girişi bağlayır.

“Yeni Gündəm” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə Baqramyan prospektindəki mitinq zamanı “Vətənin xilası hərəkatı”nın lideri Vazgen Manukyan deyib. O bildirib ki, səbr etmək və bütün gecəni parlamentin qarşısında keçirməyə hazır olmaq lazımdır:

“Biz bu küçəni bağlayırıq. İmpiçmenti həyata keçirmək üçün Milli Məclisin deputatlarını buraya gətirməliyik. Bu, tarixi bir andır və ermənilər bu anı güzəştə gedərlərsə, vətənlərini itirəcəklər”.

Hərəkatın koordinatoru İşxan Saqatelyan etirazçıları Dəmirçiyan küçəsi tərəfdən parlamentin girişini zibil qabları ilə bağlamağa, barrikadalar qurmağa çağırıb. O, çadırların qurulacağını və bütün lazımi xidmətlərin yaradılacağını da bildirib:

“Hamımız burada qalırıq. Deputatlar ya özləri gəlməlidir, ya da onları gətirdəcəyik”.

Qeyd edək ki, bu gün Ermənistanda siyasi vəziyyət kəskinləşib. Baş nazir Nikol Paşinyanın istefası tələbi ilə kütləvi etiraz aksiyaları keçirilməyə başlanılıb. Paşinyan isə bunu dövlət çevrilişinə cəhd adlandıraraq tərəfdarlarını Respublika meydanına çağırıb.