Ermənistanın işğalçılıq siyasətinə son qoyuldubackend

Uzun illərdir düşmən tapdağı altında olan torpaqlarımızın işğaldan azad olunması ilə Azərbaycan xalqı bir daha sübut etdi ki, bu torpaqlar məhz bizim əzəli torpaqlarımızdır. 44 günlük müharibə Azərbaycanın tam qələbəsi və Ermənistanın kapitulyasiyası ilə nəticələndi. Ermənistan ordusu darmadağın edildi. Azərbaycan Dağlıq Qarabağın incisi olan Şuşa şəhərini,  azad etməklə, Ermənistanı diz çökdürdü və kapitulyasiyaya məcbur etdi. 30 ildir danışıqlar prosesində Ermənistan nail olmaq istədiklərinin heç birini əldə edə bilmədi, Dağlıq Qarabağın statusunun müəyyən edilməsi məsələsi tarixin arxivinə çevrildi, Dağlıq Qarabağda yeni erməni dövlətinin yaradılması planları baş tutmadı.

Beləliklə, sentyabrın 27-dən başlanan müharibə sonda Azərbaycanın tam qələbəsi ilə nəticələndi. Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu canı-qanı bahasına Ermənistan ordusunun məğlubedilməzliyi barədə illərdir formalaşdırılmış mifi 44 günə dağıtdı, bütün qüvvələri Azərbaycan xalqının iradəsi ilə hesablaşmağa vadar etdi. Azərbaycanın ərazi bütövlüyü bərpa olundu. Sübut edildi ki, Azərbaycanın razılığı olmadan Dağlıq Qarabağla bağlı heç bir qərar qəbul edilə bilməz.

Ərazisi xeyli böyük olan Kəlbəcər, Ağdam və Laçın rayonları şəhid vermədən, qan tökülmədən geri qaytarıldı. Azərbaycan Prezidenti status-kvonu dəyişdi və bu gün münaqişənin həlli şərtlərini indi Azərbaycan diktə edir. Bu özü bir tarixi faktdır.

2020-ci il noyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının Baş naziri və Rusiya Federasiyasının Prezidenti tərəfindən imzalanmış üçtərəfli Bəyanat sentyabrın 27-dən Azərbaycan Ordusunun zəfər yürüşü nəticəsində yaranmış reallığa uyğun hazırlanıb və Ermənistanın kapitulyasiya aktıdır. Bəyanat tam Azərbaycanın maraqlarına uyğun hazırlanıb imzalanmışdır. Qısa müddət ərzində Azərbaycan dövləti işğaldan azad olunmuş bölgələrimizin inkişafı istiqamətində artıq kifayət qədər nəhəng layihələrin icrasına başlamışdır. Tariximizə qızıl hərflərlə həkk olunan 44 günlük Vətən müharibəsi Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə nəticələnməklə Dağlıq Qarabağ problemini milli maraqlarımız çərçivəsində həll etdi.  Beləliklə, artıq Dağlıq Qarabağ problemi yoxdur və Azərbaycanın bu tarixi ərazisində ikinci erməni dövləti yaratmaq iddialarına birdəfəlik son qoyulmuşdur. Bu tarixi reallığın müəllifi isə qeyd etdiyimiz kimi Müzəffər Ali Baş Komandan İlham Əliyevdir. Ermənistan unutmasın ki, dəmir yumruq yerindədir. Bütün bunlar onu deməyə əsas verir ki, işğaldan azad olunmuş bütün ərazilərimiz ən qısa zamanda, ən yüksək keyfiyyət və həyat standartları çərçivəsində yenidən qurulacaq və Qarabağ bölgəsinin əvvəlki şöhrəti özünə qayıdacaqdır.

Qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına bütün dünya Azərbaycanın şanlı qələbəsinin şahidi oldu. Müxtəlif dairələrdən olan müntəzəm təzyiq və təhdidlərə rəğmən Azərbaycan öz haqq savaşında zəfər çaldı. Bu Zəfər sayəsində “Ermənistanın güclü ordusu var” və “erməni xalqı döyüşkən xalqdır” kimi miflərə birdəfəlik son qoyuldu. Azərbaycan Ordusu öz qəhrəmanlığı və peşəkarlığı ilə təkcə Ermənistanın silahlı qüvvələrini məhv etməyib, o, Erməni mifini də məhv etdi. Cəmi 44 gün ərzində Ermənistan ordusu məhv edildi, hərbi texnikası məhv edildi, canlı qüvvəsi məhv edildi və Azərbaycan öz gücünü, öz qüdrətini göstərdi.

Fatimə Talıbzadə. YAP üzvü