Ermənistanın Kəlbəcərdəki təxribatı ilə bağlı cinayət işi başlandıbackend

Ermənistan silahlı qüvvələrinin Kəlbəcərdə törətdiyi təxribatla bağlı cinayət işi başlanıb.

Bu barədə “Yeni Gündəm”-ə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, 1998-ci il təvəllüdlü əsgər Ayaz Nəzərovun Kəlbəcər rayonu ərazisində xidməti vəzifələrinin icrası zamanı düşmən tərəfindən açılan atəş nəticəsində şəhid olması faktı ilə bağlı Kəlbəcər Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.12-ci (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Hazırda iş üzrə istintaq davam edir.

Qeyd edək ki, Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində yanvarın 11-i günorta saatlarında Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribat nəticəsində hərbi qulluqçumuz müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Nəzərov Ayaz Azər oğlu şəhid olub.

Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən müvafiq tədbirlər nəticəsində qarşı tərəf susdurulub.

Azərbaycan Müdafiə Nazirliyi baş verən gərginliyə görə bütün məsuliyyətin Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşdüyünü bəyan edib.