Ermənistanın müharibəyə cəlb etdiyi muzdlular – YENİ FAKTLAR/FOTObackend

Ermənistan hərbi-siyasi rəhbərliyinin dəfələrlə təkzib etməsinə baxmayaraq, işğalçı ölkənin II Qarabağ müharibəsində əcnəbi muzdlulardan, o cümlədən terrorçulardan istifadə etməsinə dair yeni faktlar ortaya çıxmaqdadır.

“Yeni Gündəm” xəbər verir ki, müxtəlif ölkələrin ekspertləri, jurnalistləri sosial şəbəkələrdəki hesablarında Ermənistan ordusunun hərbi əməliyyatlara xaricdən cəlb etdiyi muzdlulara dair faktlar – məlumatlar, fotolar paylaşırlar.

Əcnəbi jurnalist, hüquq müdafiəçisi, sosial şəbəkələr üzrə ekspert Asaad Hanna özünün tvitterdəki hesabında Suriyadan Dağlıq Qarabağa cəlb edilmiş 3 döyüşçünün fotolarını paylaşaraq onların adlarını açıqlayıb.

“Hələbdən olan suriyalı 3 oğlan – Arut, Xaqub və Musek Azərbaycana qarşı döyüşərək həlak olublar”, – o yazıb.

Suriyalı siyasi şərhçi Kevork Almassian da özünün Tvitterdəki hesabında bu ərəb respublikasından bir neçə döyüşçünün Qarabağ müharibəsində öldürüldüyünü açıqlayıb. O, əcnəbi döyüşçülər barədə faktları – fotoları və adları da təqdim edib.

“Erməni İnqilab Federasiyası Suriya yaxın vaxtlarda həlak olmuş üç əsgərə – Harut Panoyana, Hagop Astaryana və Mosik Mosik Seklemyana ağlayır”, – o qeyd edib.

Bütün bunlar, habelə digər faktlar sübut edir ki, Ermənistanın hərbi-siyasi rəhbərliyi öz ordusunun Qarabağda döyüşə bilməməsi səbəbindən Azərbaycanın işğal olunmuş ərazilərinə Suriyadan və digər ölkələrdən muzdlular cəlb edib. Halbuki rəsmi İrəvan məhz Bakını Qarabağa əcnəbi muzdlular cəlb etməkdə ittiham edirdi. Məqsəd aydındır – Azərbaycanın işğal olunmuş ərazilərində həyata keçirilən muzdlu döyüşçülərdən, terrorçulardan istifadə kimi hərbi cinayətləri ört-basdır etmək.