Ermənistanın növbəti təxribatları da fiaskoya uğradı – TƏHLİLbackend

Deputat Vüqar İskəndərov isə Trend-ə açıqlamasında təəssüflə bildirib ki, Ermənistan hələ də yaşananlardan dərs çıxarmaq istəmir.

“Amma bu ölkədə müharibə ritorikası ilə yaşayanlar bilməlidirlər ki, terror və hərbi təxribatlar Ermənistanın özü üçün çox acınacaqlı nəticələr verə bilər. Bu təxribat bədxah qonşularımızın öz xislətlərindən əl çəkmədiyini göstərir.

Azərbaycan Xarici İşlər Nazirliyinin yaydığı açıqlamada da vurğulandığı kimi, iki dövlət arasında münasibətlərin normallaşması istiqamətində addımlar atmaq əvəzinə, dövlət sərhədində növbəti qanlı təxribatı törətməklə Ermənistanın hərbi-siyasi rəhbərliyi bölgədə vəziyyətin gərginləşdirilməsinə görə bilavasitə məsuliyyət daşıyır. Hesab edirəm ki, dünya birliyi tez bir zamanda Ermənsitana bu təxribatçı addımlara son verilməsi istiqamətində təzyiq göstərməlidir. Əks təqdirdə bu ölkə yenidən Azərbaycanın “dəmir yumuruğunu” dadmalı olacaq”, – deyə deputat vurğulayıb.

Deputat indiki halda Ermənsitan tərəfindən yol verilən bu təxribatları bədxah qonşualrımızın öz dövlətlərinə qəsdi kimi də dəyərləndirib: “Bəlli olduğu kimi, 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək davam edən 44 günlük Vətən müharibəsi Ermənistanın sarsıdıcı məğlubiyyəti, Azərbaycan torpaqlarının işğaldan azad edilməsi ilə nəticələndi. Məhz bu müharibədə ordusu darmadağın olan Ermənistan elə bir vəziyyətə düşüb ki, yalnız Azərbaycanın diktəsi ilə yaşamaq, inkişaf etmək şansı qalıb. Düşünmək olardı ki, bu ölkənin siyasi rəhbərliyi nəhayət ki, heç olmasa bundan sonra ağıllı qərarlar qəbul etməkdə özündə güc tapacaq. Amma görünən odur ki, bu ölkə hələ də işğalçı, təxribatçı mahiyyətindən əl çəkə bilmir. Hər halda, Ermənistan tərəfindən sərhəddə mütəmadi olaraq atəşkəsin pozulması belə deməyə əsas verir.

Görünür, Ermənistanın siyasi və hərbi rəhbərliyində təmsil olunanlar bu yolla, yəni sərhəddə atəşkəsi pozmaqla nəyəsə nail olacaqlarını düşünürlər. Lakin onlar yanılırlar. Çünki baş verənlər Ermənsitana müsbət heç nə vəd etmir. Əksinə, bu cür təxribatçı əməllərdən əl çəkməyəcəkləri təqdirdə bədxah qonşularımız daha da ağır vəziyyətə düşəcəklər.