Ermənistanın Qarabağda qanunsuz şərab istehsalı beynəlxalq təşkilatlarda qaldırılacaqbackend

“Uzun müddət Ermənistan tərəfindən Azərbaycanın işğal altında saxlanılmış ərazilərində şərab və digər məhsullar istehsal edilərək, mənşə ölkəsi Ermənistan göstərilməklə saxtalaşdırmaya yol verilib və həmin məhsulların Avropa İttifaqı (Aİ)  ölkələrinə ixracı həyata keçirilib”.

“Yeni Gündəm” xəbər verir ki, bunu Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli Beynəlxalq Üzümçülük və Şərabçılıq Təşkilatının (OIV) baş direktoru Pablo Roka Blasko ilə görüşdə deyib.

Baş verən hallara görə təəssüfləndiyini bildirən Beynəlxalq Üzümçülük və Şərabçılıq Təşkilatının baş direktoru Pablo Roka Blasko Azərbaycanla OIV arasında səmərəli əməkdaşlığın qurulduğunu, bu münasibətlərin qarşıdakı illər ərzində də müsbət dinamika üzrə inkişaf edəcəyinə əminliyini ifadə edib.

Azərbaycan ərazilərində qanunsuz olaraq, Ermənistan adı altında şərab və digər məhsulların istehsalı, Aİ  ölkələrinə satışı və ixracı ilə bağlı rəhbərlik etdiyi təşkilata rəsmi məlumatların təqdim olunmasını xahiş edən qonaq saxtalaşdırma və qanunsuz satış halları ilə əlaqədar aidiyyəti beynəlxalq, regional qurum və təşkilatlarla danışıqlar aparılacağını qeyd edib.