“Ermənistanın üzərində mövcud olan çətir artıq deşilib” – Azərbaycan Prezidentibackend

“Erməni lobbisi Ermənistanı bütün təşkilatlarda müdafiə edir. Mən bunu şəxsən Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin başçısı kimi görmüşəm. Yəni, Ermənistan tamamilə tənqiddən kənarda idi. O vaxt ermənipərəst deputatlar və əslən Avropa ölkələrindən olan varlı ermənilər bütün imkanlardan, öz maliyyə imkanlarından istifadə edib Ermənistanı bütün tənqidlərdən qoruyurdular. Ermənistanda insan haqlarının və demokratiyanın pozulması bu günün işi deyil. Ermənistanda heç vaxt demokratiya olmayıb”.

“Yeni Gündəm”-in xəbərinə görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev deyib.

Dövlət başçısı qeyd edib ki, Ermənistan hələ müstəqil ölkə kimi formalaşandan dərhal sonra öz əsl xislətini göstərdi: “Xocalı soyqırımını törədən faşistlər demokrat ola bilməzlər. Başqasının torpağına göz dikən, bir milyon insanı evsiz-eşiksiz qoyan ölkə demokrat ola bilməz. Onlar bir milyon Azərbaycan vətəndaşının və Ermənistanda yaşayan azərbaycanlıların elementar insan haqlarını pozublar. Ancaq ermənilərə himayədarlıq edənlər, ilk növbədə, erməni lobbisi, onun pulları, ondan sonra Ermənistan hökumətinin Avropada çirkin lobbiçilik fəaliyyəti onları həmişə bu tənqiddən qoruyurdu. Əslində, bu, lobbiçilik fəaliyyəti deyil, bu, korrupsiya fəaliyyətidir. Mən hesab edirəm ki, bu fəaliyyət Avropada geniş araşdırılmalıdır. Bizdə kifayət qədər siqnallar var ki, bəzi siyasi xadimlər, deputatlar, bəzi Avropa ölkələrinin hökumət üzvləri Ermənistana xüsusi münasibət bəsləyirlər. Elə adamlar var ki, Dağlıq Qarabağa yüzlərlə səfər edib. Bunun arxasında nələr dayanır, hamımız yaxşı başa düşürük. Ona görə Avropanın hüquq-mühafizə orqanları bu məsələni, Ermənistan hökumətinin Avropada korrupsiyanın yayılmasına verdiyi dırnaqarası töhfəni, əlbəttə ki, Ermənistanın riyakar siyasətini araşdırsınlar. Çünki o, hər bir güc mərkəzinə o güc mərkəzinin eşitmək istədiyini deyir yalandan. O, bir neçə stulda oturmaq istəyir. Bu günə qədər buna müvəffəq olub. O, saxta tarixi, uydurulmuş, yüz il bundan əvvəl dırnaqarası hadisələri – soyqırımı istismar etmək istəyir. Özündən qurban, yazıq bir xalq düzəltmək istəyir. Halbuki hər kəs yaxşı bilir ki, ermənilər bizə qarşı soyqırımı törətmişlər. Budur, əsas amillər. Ancaq Azərbaycanın məqsədyönlü fəaliyyəti ona gətirib çıxarıb ki, Ermənistanın üzərində mövcud olan çətir artıq deşilibdir. Biz onların əsl mahiyyətini üzə çıxarırıq, onların faşist mahiyyətini ifşa edirik. Faşist Njdeyə abidə ucaldan və bu abidəni müdafiə edən faşistdir. Bunu biz deyirik və artıq dünya miqyasında bu fakt haqqında kifayət qədər məlumat var. Mən bu məsələni qaldırmayana qədər heç kim bu haqda danışmırdı. Mən bu məsələni qaldırdım və buna geniş beynəlxalq dəstək təmin edildi. İndi artıq hər kəs bilir ki, Njde faşist olubdur. Bu faşist onların qəhrəmanlıq simvoludur. Onların işğalçılıq siyasəti ifşa edilib. Artıq son vaxtlar bütün aparıcı beynəlxalq təşkilatların sənədlərində Azərbaycanın ərazi bütövlüyü birmənalı şəkildə dəstəklənir və işğal haqqında kifayət qədər dolğun məlumat var. Bir də ki, indiki Ermənistan rəhbərliyi əvvəlki hakimiyyətin bütün çirkin əməllərini üzə çıxarır. Artıq onların dediyi kimi, Ermənistana 1998-ci ildən 2018-ci ilə qədər quldurlar rəhbərlik ediblər. Onlar özləri bu cinayətkarları, rüşvətxorları ifşa ediblər. Mən demişəm ki, əgər 20 il ərzində bir ölkəyə rüşvətxorlar, cinayətkarlar, oğrular rəhbərlik edibsə, bu ölkə cinayətkarlar, oğrular, rüşvətxorlar ölkəsidir. Başqa cür ola bilməz. Onların dırnaqarası müstəqillik tarixi rüsvayçılıq tarixidir. Müstəqilliyin ilk illərində Azərbaycan xalqına qarşı törədilmiş ərazi iddiası, Xocalı soyqırımı, işğal və Azərbaycan vətəndaşlarının öz doğma torpaqlarından didərgin salınması, ondan sonrakı mərhələdə qanunsuz yollarla hakimiyyətin zəbt edilməsi. Bütün Ermənistan rəhbərləri hakimiyyətə qanunsuz yollarla gəliblər. Bu ölkənin, sadəcə olaraq, tarixinə baxmaq kifayətdir. 1990-cı illərin əvvəllərində Ermənistan parlamentində terror hadisəsi onların əsl mahiyyətini üzə çıxarır. Bu, terrorçu ölkədir və 2018-ci ilə qədər quldur, kriminal, rüşvətxor xuntanın hakimiyyəti Ermənistanı bu acınacaqlı vəziyyətə gətirib çıxardı. Belə çıxır ki, Ermənistan prezidentləri rüşvətxor olublar və ikisi də indi cinayət məsuliyyətinə cəlb edilib. Onların generalları oğru olublar, əsgərlərin tuşonkasını bazarlarda satdırıblar. Onların qəhrəmanları faşist, terrorçu və cinayətkar olublar. Bax, budur, bugünkü Ermənistan. İndi baxın görün son iki il ərzində nələr baş verir. Belə olan halda mənzərə tam üzə çıxacaq. Son iki il ərzində Ermənistanda diktatura rejimi formalaşıb. Xunta getdi, diktatura gəldi. Ermənistanda insan haqları kobudcasına pozulur, jurnalistlər həbs olunur. Bir jurnalist həbsxanada aclıq elan etmiş və aclıqdan vəfat etmişdir. Ermənistanda konstitusiya kobudcasına pozulur və konstitusiyaya qanunsuz dəyişikliklər edilir. Halbuki bu dəyişikliklər ancaq referendumla edilə bilərdi. Siyasi opponentlər təqib edilir, siyasi partiya rəhbərlərinin deputat toxunulmazlığı götürülür, onlar hədələnir, onların qohumlarına qarşı cinayət işləri açılır, hakimiyyət zəbt edilib, hakimiyyət bölgüsü tamamilə mövcud deyil. Baş nazir həm hakimdir, həm prokurordur, həm icra orqanının rəhbəridir, həm də sanki parlamentin sədridir. Qanunvericilik, məhkəmə-hüquq və idarəetmə mexanizmi bir adamın əlində cəmlənib və Ermənistanda diktatura artıq formalaşıbdır. Ancaq baxın, beynəlxalq təşkilatlar, – indi bunu bir çox adamlar deyir, – buna nə reaksiya verir? Heç bir reaksiya vermir. Haradadır ATƏT-in media üzrə nümayəndəsi? Hansı ki, gecə-gündüz Azərbaycan haqqında iftiralar uydurur və indi dəridən-qabıqdan çıxır ki, öz vəzifəsində qala bilsin. Niyə səsini çıxarmır? Niyə həbsxanada jurnalist öləndə səsini çıxarmayıb? Niyə pozuntular olanda səsini çıxarmayıb? Haradadır Avropa Şurası? Niyə Ermənistan tənqid olunmur? Niyə Ermənistan üzrə, siyasi məhbus üzrə məruzəçi təyin edilmir? Mən bütün bu sualları verirəm və bu suallar cavabsız qalır, bu suallara cavab verilmir. Çünki sərf etmir. Nə cavab verəcəklər? Cavab verəcəklər ki, biz saxtakarıq? Deməyəcəklər. Sadəcə olaraq, susmağa üstünlük verirlər. Avropa qurumlarının saxtakarlığını biz Ermənistanda keçirilmiş bütün seçkilərdə görmüşük. Bütün seçkilər saxtalaşdırılıb, amma bütün seçkilərə müsbət rəy verilib. Heç uzağa getməyək. Guya ki, onlarda baş verən inqilabdan əvvəl Sarkisyan hakimiyyəti qanunsuz zəbt etmək istədi, parlament seçkilərini saxtalaşdırdı, özünə 50 faizdən çox səs yazdırdı. Avropa Şurası Parlament Assambleyası, ATƏT-in müşahidəçi missiyası buna müsbət rəy verdilər. Yaxşı, görmürdünüz ki, bu adam saxtakardır, bu adam səsləri oğurlayıb, Ermənistanda seçicilərin kütləvi qaydada satın alınması prosesi gedir?! Beynəlxalq müşahidəçilər Sarkisyan hakimiyyətinə, onun saxtalaşdırılmış seçkilərinə müsbət rəy verir, ondan sonra xalq ayağa qalxır. Çünki erməni xalqı Sarkisyana və onun xuntasına nifrət edirdi, bunu gizlətmirdi və nifrətəlayiq bir ünsürdür. O vaxt xalq ayağa qalxanda onun hansı aciz vəziyyətdə olmasını bütün dünya görüb, qorxa-qorxa çəkildi kənara, dedi ki, mən səhv etmişəm, məni bağışlayın, qaçdı getdi. Qorxaq. Bunun başqa adı yoxdur. Amma özünü qəhrəman kimi göstərirdi. O hansı qəhrəmandır, bütün dünya gördü. Azərbaycanın dinc əhalisinə qarşı cinayət törədən o cəllad qorxaqcasına qaçıb gizləndi. İndi də əsas məqsədi odur ki, həbs olunmasın. Yəni, bu Sarkisyan xunta rejimi devriləndən sonra parlament seçkiləri elan olunur və onun faşist simvolikası ilə eyni simvolikası olan Respublikaçılar Partiyası heç 1 faiz də səs toplamır. Necə ola bilər, bir neçə ay bundan əvvəl o, 50 faiz, indi isə 1-2 faiz səs toplayır? Təbii ki, saxtakarlıq. Amma mənim sözüm onda deyil. O aydın məsələdir ki, Ermənistan saxta dövlətdir və əlbəttə ki, saxtakarlıq orada əsas amildir. Mənim sözüm bax, buna göz yuman, demokratiyadan dəm vuran, Azərbaycanı qaralamaq istəyən Avropanın saxtakar müşahidəçilərinədir. Cavab verin. Siz buna necə müsbət rəy vermisiniz ki, bu adama bütün erməni xalqı nifrət edir və seçkilər də onu göstərdi. Ona görə bu məsələ tam aydındır və artıq bu riyakarlığın üstü tam açılıbdır. Artıq heç kimdə şübhə yoxdur ki, bütün bu qurumlar tərəfindən verilən qərarların əksəriyyəti siyasi xarakter daşıyır, siyasi sifarişdir. O ölkələr ki, onların qarşısında baş əyir, diz çökür, – Ermənistan kimi, – onların başını sığallayır, o ölkələr ki, ləyaqətli özünü aparır, ayaqda möhkəm durur və özünə qarşı hörmət tələb edir, – Azərbaycan kimi, – onlara hücum edir və hücumun da əsas tezisi insan haqları, demokratiyadır. Əlbəttə ki, bütün bunlar saxta iradlardır. Bayaq bizim haqqında danışdığımız beynəlxalq arenadakı uğurlarımız onu göstərir ki, Azərbaycan bu gün beynəlxalq siyasətin zirvəsindədir, amma bizə şər atanlar böhran içindədir”.