Ersin Tatar Azərbaycanı Müstəqillik Günü münasibətilə təbrik edibbackend

Quzey Kıbrıs Türk Cümhuriyyətinin (KKTC) Prezidenti Ersin Tatar Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə təbrik edib.

Bu barədə “Yeni Gündəm”-ə KKTC-nin Bakıdakı Nümayəndəliyindən məlumat verilib.

Ersin Tatarın təbrik mesajında deyilir:

“Can Azərbaycanın azadlığına qovuşduğu, suverenliyini əldə etdiyi Müstəqillik Gününün ildönümüdür.

Azərbaycan dövləti ilə və azərbaycanlı qardaşlarımızla əlaqələrimizin hər sahədə daha da irəliyə getməsi, Azərbaycan və KKTC arasında sosial və mədəni münasibətlərin inkişaf etməsi ən böyük hədəflərimizdən biridir.

Biz böyük Türk millətinin övladları olaraq, aramızda olan mənəvi, sosial, iqtisadi və mədəni dəyərlərin güclənməsi ilə gələcəyə daha çox ümidlə baxa biləcəyimizin fərqindəyik və bunun güvəni içərisindəyik.

Şübhə yoxdur ki, ən qısa zamanda iki dövlət arasında siyasi əlaqələrin ən yüksək səviyyədə daha da artması hər birimizin könlündən keçəndir.

Kıbrıs Türkləri ilə Azərbaycan xalqı arasında sevgi bağı hər zaman daha da möhkəmlənəcək. Bir millətin övladları kimi bilirəm ki, sizin də könlünüz bizimlədir.

Bizim taleyimiz və gələcəyimiz birdir. Türkiyə, Azərbaycan və KKTC “Bir millət, üç dövlət” olaraq hər şəraitdə bir bütün olacaq.

Bu hiss və düşüncələrlə böyük dastan yazaraq, Qarabağı azadlığına qovuşduran qardaş Azərbaycanı bu böyük zəfər münasibətilə bir daha təbrik edir, Müstəqillik gününü səmimi hisslərimlə təbrik edirəm. Müstəqillik uğrunda şəhid olan bütün şəhidlərimizi rəhmət və şükranla yad edir, bütün azərbaycanlı qardaşlarıma can sağlığı arzulayıram”.