Əsgərdən: “Prezidentə məktub”backend

Hörmətli cənab Prezident – Ali Baş Komandanım,
İlk növbədə sizə bütün Azərbaycan əsgərləri adından minnətdarlığımı bildirirəm. Siz bütün dünyaya Azərbaycan xalqının cəsarətini sübut etdiniz!

Mən də Sizin əmrinizlə Vətən Müharibəsində iştirak etdim. Lakin 26 oktyabr 2020-ci il tarixində cəbhədə düşmənin atdığı minanın partlaması nəticəsində ağır yaralanmışam. Partlayış travması və hər iki aşağı ətrafdan həmçinin alin və çənə nahiyəsindən odlu silah (qəlpə) yaraları almışam. Buna görə əməliyyat olunmuşam və hazırda da hospitalda müalicəmi davam etdirirəm. Təəssüf edirəm ki, Vətən Müharibəsinin sonuna qədər iştirak edə bilmədim. Hər bir Azərbaycan əsgəri kimi mənim də arzum şərəfli müharibənin sonuna qədər iştirak etmək və işğaldan azad edilmiş yaşayış məntəqələrimizdə üç rəngli müqəddəs bayrağımızı sancmaq idi. Bu arzu mənim ürəyimdə qalsa da artıq şəhid vermədən müharibənin sizin sayənizdə bitməsinə də çox sevinirəm. Artıq heç bir əsgərimiz şəhid olmadan, yaralanmadan düşmən digər torpaqlarımızdan da rədd olacaq! Müqəddəs torpaqlarımız üzərində tam nəzarəti bərpa edəcəyik.

Səmimiyyətimə inanın ki, Vətənin keşiyində durmaq mənim üçün şərəfdir. Çıxışlarınızda əsgərlərə xüsusi qayğınızın şahidiyəm. Bu doğmalıqdan ürəklənib, ən böyük arzumun yerinə yetirilməsi üçün Sizə müraciət etmək qərarına gəldim. Cənab Ali Baş Komandanım, artıq 7 ildir mənim atam Zeynalov Aynur Şamil oğlu həbs olunmuş və həbsdə onkoloji xəstəliyə tutulmuşdur. Atam haqqında oxunmuş son hökmlə 7 il azadlıqdan məhrum etmə cəzası verilmiş və cəzanın bitməsinə 8 ay qalmışdır. Qanunvericiliyə görə cəzasının 2/3 hissəsini çəkdiyi halda vaxtından əvvəl şərti azadlığa icazə verilir. Lakin prokurorluq atama qərəzli yanaşaraq azadlığa çıxmasına əngəl olur. Xəstəliyinin ağırlığı ilə əlaqədar yaralandığımı ona demirlər. İndiyə kimi köməyi yalnız Allahdan istədim, indi isə sizin sayənizdə ədalətə inamimiz artdı. İnanıram ki, vəziyyətimizi nəzərə alaraq bu məsələni şəxsi nəzarətinizə götürəcək və mənə atama qovuşmaqda yardımçı olacaqsınız. Əlaqe: 050 305 99 94

Hörmətlə: Azərbaycan əsgəri – Zeynalov İbrahim Aynur oğlu