“Əsgərlər arasında yoluxma olarsa, bu, xoşagəlməz nəticələrə gətirib çıxara bilər” – Hacı Şahinbackend

“İnsanların kütləvi şəkildə şəhidlərimizin dəfnində iştirak etməsi başa düşüləndir. Bu, şəhidlərimizin ruhuna sayğının əlamətidir. Amma mən bir din xadimi kimi xahiş edərdim ki, hazırkı vəziyyət nəzərə alınaraq, dəfn mərasimlərində koronavirusla bağlı qaydalara riayət olunsun. Dəfn mərasimlərində insanlar mümkün qədər sosial məsafəni gözləsin, maskalardan istifadə etsinlər”.

Bunu Məşədi Dadaş Məscidinin imamı, Qafqaz Müsəlmanları İdarəsinin nümayəndəsi Hacı Şahin Həsənli bildirib.

Onun sözlərinə görə, hər iki məsələ – istər insanların sağlamlığı, istərsə də torpaqlarımızın işğaldan azad edilməsi dövlətin təhlükəsizliyi üçün önəmli məsələlərdir: “Biz hər iki dəyəri bir-biri ilə tamamlamalıyıq, ikisinə də diqqət etməliyik. Ona görə də din xadimi olaraq dəfələrlə insanlara müraciət edəndə bu məsələlərə toxunmuşuq ki, insanlar vəziyyəti nəzərə alaraq, xüsusilə yoluxma dinamikasının olduğu bu günlərdə mütləq maska taxsınlar və qaydalara riayət etsinlər. Çünki insan sağlamlığı həm də dinimizin çox böyük önəm verdiyi məsələdir. İnsanın qəsdən özünü təhlükəyə atması, eyni zamanda başqa insanları yoluxdurması həm dini, həm də hüquqi nöqteyi-nəzərdən yolverilməz haldır.

Dediyim kimi, şəhidlərimizin dəfnində iştirak başa düşüləndir, anlayışla qəbul edilir, amma bu, əsas vermir ki, heç bir qaydaya əməl etməyək. Bu, yoluxmanın kəskin artmasına gətirib çıxarır və hər birimiz üçün böyük məsuliyyətdir. Ona görə də xahiş edərdim ki, insanlar bu məsələyə ciddi riayət etsinlər”.

Hacı Şahin qeyd edib ki, bu məsələ əsgərlərin sağlamlığı üçün də vacib məsələdir: “Əsgərlərin sağlamlığı bizim üçün çox önəmlidir. Çünki əsgərlər Vətənin keşiyində dayanırsa, torpaqlarımızı işğaldan azad etmək üçün hərbi əməliyyatlar aparırsa, ən önəmli məsələ onların sağlamlığıdır. Yoluxmanın artması döyüş bölgəsinə də sirayət edə, bu da acı nəticələrə gətirib çıxara bilər. Ona görə də son dərəcə məsuliyyətli olmalı, hər iki məsələyə eyni dərəcədə yanaşmalıyıq.

Əsgərin sağlamlığı olmasa, o, Vətənin keşiyində dayana bilməz, Allah eləməsin, əsgərlər arasında yoluxma olarsa, bu, xoşagəlməz nəticələrə gətirib çıxara bilər. Hamımızın diqqəti Vətən müharibəsindədir, xalqımızın ürəyi bu məsələ ilə döyünür, amma eyni zamanda ayıq-sayıq olmalı və koronavirusla mübarizəyə də ciddi yanaşmalıyıq. Koronavirus ümumbəşəri bəladır, xüsusilə indiki həssas məqamda hər mənada öz təhlükəsizliyimizin, sağlamlığımızın qayğısına qalmalıyıq”.APA