Əsirlikdən qayıdan Bayrama da ev verildi – FOTOLARbackend

Bu gün  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Gəncə şəhərində Mənzil İnşaatı Dövlət Agentliyinin inşa etdirdiyi yaşayış kompleksindən 80 mənzil şəhid ailələri və müharibə əlillərinə təqdim edilib.

Nazirlikdən “Yeni Gümdəm” -ə verilən məlumata görə, mənzillərin sənədlərinin təqdim edilməsi tədbirində əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli və Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov iştirak ediblər.

V.Nəsirli 2021-ci ildə mənzillə təminat proqramının 3 il əvvələ nisbətən 5 dəfə genişləndiyini qeyd edib. O diqqətə çatdırıb ki, bu il 3 000-dək mənzilin verilməsi proqramı icra olunub və proqram artıq uğurla yekunlaşır. Bu gün Gəncə şəhərində verilən 80 mənzil də daxil olmaqla indiyədək 12100-dən çox şəhid ailəsi və müharibə əlilinə Nazirlik tərəfindən mənzil və fərdi ev təqdim edilib.

Nazir müavini, həmçinin 2021-ci ilin əvvəlindən Vətən müharibəsi şəhidlərinin ailələrinə və bu müharibənin əlillərinə, habelə Vətən Müharibəsi Qəhrəmanlarına  da mənzillər verildiyini deyib. Postmüharibə dövrü üzrə sosial dəstək tədbirlərini qeyd edən V.Nəsirli artıq şəhid ailələri üzvləri, müharibə iştirakçıları, erməni terrorundan zərər çəkən şəxslərdən ibarət olmaqla artıq 41 min şəxsə 47 min xidmət göstərilib.

Qeyd edək ki, mənzillə təmin edilənlər arasında Vətən müharibəsi zamanı düşmənin əsir götürdüyü və bir aya yaxın Ermənistanda əsirlikdə qaldıqdan sonra ötən ilin dekabrında Vətənə qaytarılan Bayram Kərimov da var.