Etirazçılar polis məntəqəsini yandırdılar, Tramp hərbçiləri göndərdi — VİDEObackend

ABŞ-ın Minnesota ştatının Minneapolis şəhərində Corc Floyd adlı qaradərili vətəndaşın polis tərəfindən öldürülməsindən sonra şəhəri kütləvi iğtişaşlar bürüyüb.

“Yeni Gündəm” xəbər verir ki, vandalizm və yanğınlarla müşayiət olunan şiddətli nümayişlər artıq 3-cü gündür ki davam edir. Etirazçılar Corc Floydun ölümündə günahlandırılan polis Derek Çovinin həbs edilməsini tələb edirlər.

Qarşıdurmalar nəticəsində bir sıra obyekt və avtomobillərə ziyan dəyib. Nümayişlər zamanı etirazçılar polis bölməsinin binasını mühasirəyə aldıqdan sonra binaya girərək onu yandırıblar. Binada olan polis əməkdaşlarının yanğından bir az əvvəl helikopter vasitəsilə təxliyyə olunduğu bildirilib. Etirazlar zamanı şəhərdə polis məntəqəsi ilə yanaşı ticarət mərkəzləri, restoranlar, supermarketlər kimi bir sıra digər obyektlər də yandırılıb.

Prezident Donald Tramp şəhər meri vəziyyəti nəzarət altına almasa, Corc Floydun ölümü səbəbiylə iğtişaşların davam etdiyi Minneapolis şəhərinə ABŞ Milli Qvardiya qüvvələrini göndərə biləcəyini bildirib.

Tramp bu barədə rəsmi tvitter hesabında açıqlama verib: “Mən Amerikanın gözəl Minneapolis şəhərində baş verənlərə kənarda dayanaraq baxa bilmərəm. İdarəetmə və nəzarət tamamilə yox olub. Ya zəif radikal sol bələdiyyə başçısı Ceykob Frey hərəkətə keçəcək və şəhərə nəzarət edəcək, ya da Milli Qvardiyanı şəhərə yönləndirərək nə lazımdırsa edəcəm”.

Amerika lideri mövcud vəziyyəti Minnesota ştatının qubernatoru Tim Uolts ilə müzakirə etdiyini və silahlı qüvvələrin tam hazır olduğunu söyləyib.

Qeyd edək ki,  Minneapolis meri qaradərilinin öldürülməsinə görə vətəndaşlardan üzr istəyib. Hadisəyə görə 4 polis əməkdaşı vəzifəsindən azad edilib.

Minnesota ştatının Milli Qvardiyasının məlumatına görə, Minneapolis və Sent-Pol şəhərlərində iğtişaşların nəzarət altına alınması üçün ABŞ Milli Qvardiyasının 500-dən çox hərbçisi göndərilib.

“500-dən çox hərbçini Sent-Pol, Minneapolis və qonşu ərazilərə göndərdik. Bizim vəzifəmiz mülki insanların, obyektlərin və dinc nümayiş hüququnun qorunmasıdır”,- deyə Minnesota ştatının Milli Qvardiyasının rəsmi tvitter hesabında bildirilib.