Evdə ölü tapılan ər-arvadla bağlı cinayət işi açıldıbackend

 

Abşeron rayonunda ərlə arvadın evində ölməsi faktı ilə bağlı cinayət işi başlanılıb.

“Yeni Gündem”in verdiyi xəbərə görə, yanvarın 15-də, 16 radələrində Saray qəsəbəsində yerləşən fərdi yaşayış evlərinin birində 1952-ci il təvəllüdlü Yusif Bəşirov və onun həyat yoldaşı 1955-ci il təvəllüdlü Solmaz İsmayılovanın yaşadıqları evin hamam otağında meyitləri aşkar olunub.

Faktla bağlı daxil olmuş məlumat əsasında dərhal hadisə yerinə polis, prokurorluq, eləcə də məhkəmə tibbi ekspertinin iştirakı ilə baxış keçirilib. Qeyd olunan şəxslərin ölüm səbəbinin müəyyənləşdirilməsi məqsədilə məhkəmə tibbi ekspertizası təyin olunub. O cümlədən digər zəruri istintaq hərəkətləri həyata keçirilib.

Faktla bağlı Abşeron rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.3-cü (səhlənkarlıq, ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Qeyd edək ki, ilkin məlumata görə, onlar dəm qazından zəhərlənərək ölüblər.