Əziz Ələkbərli: Azərbaycanlılar tarixi yurdlarına qayıtmalıdırlarbackend

Xəbər verildiyi klimi, Azərbaycan Qaçqınlar Cəmiyyətinin sədri, Milli Məclisin üzvü Əziz Ələkbərli bugünlərdə ATƏT-in Minsk qrupu həmsədr ölkələrinin liderlərinə, beynəlxalq təşkilatların rəhbərlərinə, tanınmış dünya siyasətçilərinə 1988–1991-ci illərdə Ermənistandan qovulmuş azərbaycanlı qaçqınlar adından müraciət ünvanlayıb. Həmin sənəddə əksini tapmış həqiqət və haqlı tələblə bağlı deputat qəzetimizə açıqlamasında dedi:

– Ermənistanın Azərbaycana əsassız ərazi iddiası olaraq başlamış Dağlıq Qarabağ münaqişəsinin ilk mərhələsində – 1988–1991-ci illərdə in­diki Ermənistanın paytaxtı İrəvanda və 300-ə yaxın məntəqəsində yaşayan 49 min 928 ailədə 300 min nəfər dinc azərbaycanlı əhali ermənilər tərəfindən qəddarlıqla qo­vulmuşdur. Həmin vaxt 226 nəfər azərbaycanlı ermənilər tərəfindən vəhşicəsinə qətlə ye­tirilmiş, 400 nəfərdən çox insan bədən xəsarəti almışdır.

Tarixi Azərbaycan torpaq­larının qərbində yerləşən həmin məntəqələlərdə azərbaycanlılara məxsus on minlərlə şəxsi ev, 170 mədəniyyət evi, 274 məktəb binası, 119 kitabxana, yüzlərlə uşaq bağçası, həkim məntəqəsi, minlərlə avtomaşın, kənd təsərrüfatı texnikası, min hektarlarla əkin sahələri, meyvə və üzüm bağları ermənilər tərəfindən qəsb edilmiş, yüzlərlə məscid binaları, ziyarətgahlar, 600-ə yaxın qəbiristanlıq dağı­dılmışdır. O vaxt bütün bunlar beynəlxalq aləmin gözü qarşı­sında baş verdi və bütün dünya bu vəhşiliyə, Ermənistandakı bu etnik təmizləməyə biganə qaldı.

Məhz dünya birliyinin bu biganəliyi üzündən Ermənistan daha da quduzlaşdı və az sonra xarici havadarlarının köməyi ilə Azərbaycan Respublikası­nın BMT tərəfindən tanınan ərazilərinin 20 faizini işğal etdi. Daha 800 min nəfərə yaxın soydaşımız öz evlərindən, kəndlərindən qovuldu, azərbaycanlı qaçqınların sayı 1 milyon nəfəri keçdi. Amma dünya ölkələri yenə susdu, bununla da separatçını, işğalçı­nı, terrorçunu müdafiə etmiş oldu, əslində, bu mövqeyi ilə işğalçı Ermənistanın bütün cinayətlərinin iştirakçısına çevrildi.

Sonrakı illərdə həmin ermənipərəst dövlətlər ATƏT-in Minsk Qrupu adı ilə ikiüzlü siyasət yeridərək Ermənistanın Azərbaycan torpaqlarını 30 il işğalda saxlaması üçün əllərindən gələni etdilər. Bu 30 ildə Azərbaycanın öz ərazilərinin sülh yolu ilə azad olunması üçün Ermənistan və onun havadar­ları, ATƏT-in Minsk qrupu və onun həmsədrləri ilə apardığı üzücü danışıqlar heç bir nəticə vermədi.

Nəhayət, Ermənistanın davam edən hərbi təxribatına cavab olaraq bu il sentyabrın 27-də Azərbaycan dövləti öz suveren ərazilərini işğaldan azad etmək üçün hərb yolunu seçmək məcburiyyətində qaldı. Ötən günlərdə Azərbaycan Ordusu öz suveren torpaqlarını qarış-qarış işğaldan azad edir. Lakin təəssüf ki, 32 il əvvəl 300 min nəfər azərbaycanlının Ermənistandan, 30 il əvvəl 800 min nəfər azərbaycanlının dağlıq və aran Qarabağdan vəhşicəsinə qovulmasına, Azərbaycan torpaqlarının 30 il Ermənistanın işğalı altında qalmasına biganəlik göstərən dövlətlər utanmadan bu gün 100 min “Qarabağ ermənisinin” hüquqlarının müdafiəsinə qalxır, işğalçı, terrorçu, faşist Ermənistan dövlətini silahlandırır, dinc azərbaycanlı əhalinin qətlinə səbəb olur, bununla ermənilərlə bir sırada özlərini də Azərbaycan xalqının qatilinə çevirirlər.

İnanırıq ki, Ermənistandan qovulmuş soydaşlarımızın əzəli insanlıq haqları ilə bağlı indiki müraciətimiz, nəhayət, Azərbaycanın erməni işğalına son qoymaq üçün başlatdığı ədalətli mücadilə fonunda beynəlxalq aləmdə həssaslıqla qarşılanacaq. Bəşəri ədalət onu da tələb edir ki, Ermənistandan qovulmuş azərbaycanlılar da dünya birliyinin səyi ilə tarixi yurdlarına qaytarılsınlar.

Xatırladaq ki, qeyd edilən müraciətin sonunda Azərbaycan Qaçqınlar Cəmiyyətinin sədri ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin liderlərini, beynəlxalq təşkilatların rəhbərlərini, dünya siyasətçilərini, nəhayət, ədalətin yanında olmağa, Azərbaycanın haqq işini müdafiə etməyə, o cümlədən 1988–1991-ci illərdə Ermənistandan qovulmuş 300 min nəfər azərbaycanlı qaçqının geriyə – Ermənistandakı ata-ba­ba torpaqlarına qaytarılmasına kömək etməyə çağırıb.