Əziz Ələkbərli: İtirdiklərimizin bir daha fərqinə vardımbackend

Azərbaycan Qaçqınlar Cəmiyyəti və Qərbi Azərbaycan İcmasının sədri, millət vəkili Əziz Ələkbərli Eldar İsmayıl haqqında danışdı.

Eldar İsmayıl. Ağrı dağı qədər ağrılarım var
(Bakı, “Ağrıdağ“ nəşriyyatı, 1999) kitabına “Ön söz”üm

“Ağrı dağı qədər ağrılarım var…“
Dərdin, ağrının bundan yüksək zirvəsi, sözün, kəlamın bundan uca məqamı yoxdur. Ağrının bu zirvəsi ilə Tanrı dərgahı arasında bircə addım yol, sözün bu məqamı ilə Tanrı nəfəsi arasında bircə qarış məsafə var…
Bu yüksəklikdə, bu böyüklükdə dərdə, ağrıya hər ürək tab gətirməz, bu ucalıqda məqama hər söz, hər deyim boy verməz…
“Ağrı dağı qədər ağrılarım var…“ kitabının adınınca şüurumda doğurduğu bu assosiasiyalar kitabı vərəqlədikcə sirli-sehrli bir dünyaya çəkib apardı məni. Əvvəl-əvvəl aranlı-dağlı ellərimiz gəlib durdu gözlərimin qabağında, sonra tərk etməyə məcbur olduğumuz abad kəndlərimiz, əllərimizin qabarı ilə daş-daş tikdiyimiz yaraşıqlı evlərimiz, ağac-ağac əkdiyimiz barlı bağlarımız, güllü-çiçəkli yaylaqlarımız, yamaclarımız, düzlərimiz, çöllərimiz, çaylarımız, göllərimiz gəlib keçdi gözlərimin qarşısından. Sonra… Sonra gördüm ki, düşmən oturub ocaqlarımızın başında, biz əkən ağacları ermənilər kəsib-doğrayır, biz tikən evlərdə ermənilər doğub-törəyir, mənim, sənin, onun əzizləri yatan qəbirlər elədən-belə, belədən-elə şumlanır… Urəyim göyüm-göyüm göynədi, içim sızım-sızım sızladı. İtirdiklərimizin bir daha fərqinə vardım…
Kitabı vərəqlədikcə Şimallı-Cənublu, İrəvanlı-Borçalılı, Dərbəndli-Kərküklü Bütöv Azərbaycanımızın mənəvi paytaxtlarından biri olan qədim Göyçə mahalının Göyçə gölünün sahilləri boyunca uzanıb gedən geniş xəritəsi canlandı xəyalımda. Bu qəhrəmanlıq diyarının, saz-söz məbədgahının şərəfli dünəni, nisgilli bu günü barədə yeni-yeni bilgilər aldım. XV-XVI yüzillərin Aşıq Heydər, Miskin Abdal, XIX-XX yüzillərin Aşıq Alı, Aşıq Ələsgər kimi saz-söz ustadları şüuruma bir daha hakim kəsildi.
Göyçənin mərdlikdə, igidlikdə, səxavətdə, ağsaqqallıqda ad çıxarmış Məşədi İsa, Səməd ağa, Kor Tanrıverdi kimi dəyərli övladları haqqında yazılanları oxuduqca sinəm qürur hissi ilə doldu, qabardı.
Lakin babaların canı-qanı bahasına qoruyub, bizə miras qoyduğu bu qədim, əzəli Azərbaycan türk diyarını düşmən təcavüzündən qoruya bilmədik. Düşmən bu dəfə də mərkli və hiyləgər çıxdı. Ermənilərin “Dağlıq Qrabağ“ı Ermənistana birləşdirmək tələbinə etiraz mitinqləri ilə dərhal cavab verən Göyçə özü arxasızlığın, köməksizliyin qurbanı oldu. İrəvanın beş addımlığından Bakının səsinə səs verən Göyçənin harayına hay verməyə “doğma, əziz, Bakımız“ın cəsarəti çatmadı. Beləcə 1988-ci il soyqırımı Göyçəni gülüstandan məzarıstana çevirdi. Göyçəni itirdik…
…Mənə elə gəlir ki, sonuncu kəlmənin mahiyyəti bütün dəhşəti ilə hələ də bizə çatmır. Əslində bizim itirdiyimiz güman etdiyimizdən daha böyükdür. Bunu “Ağrı dağı qədər ağrılarım var…“ kitabı bir daha təsdiqləyir. Kitabda bir neçə rayondan ibarət Göyçə mahalının təkcə bir – Basarkeçər rayonunun təkcə bir – Kəsəmən kəndi haqqında yazılanlar (kəndin tarixi, coğrafiyası, toponimləri, tayfaları, şəxsiyyətləri və s.) bizi nələri itirdiyimiz barədə bir daha və bir daha dərindən düşünməyə məcbur edir.
Açığını deyim ki, “Ağrı dağı qədər ağrılarım var…“ kitabını böyük maraqla oxuyub, son səhifəni çevirdim və… ilkin olaraq kitabın müəllifınə, bu kitabın araya-ərsəyə gətirilməsində xidməti olanların hamısına dərin bir minnətdarlıq hissi keçdi ürəyimdən. Çünki məhz belə qeyrətli oğulların maddi və mənəvi imkanları ilə biz hər dəfə doğma yurd yerlərimizə daha bir addım yaxınlaşmış oluruq. Beləcə addım-addım özümüzə, sözümüzə, əslimizə, kökümüzə, yurdumuza qayıdırıq. Bu, mənəvi qayıdışdır. Lakin sabahın fiziki qayıdışının təməlində duran bir qayıdışdır. Bunu qədərincə dəyərləndirmək lazımdır.