Əziz Ələkbərli: Milli xəyanətin ən yaramaz formasıbackend

Kəlbəcərdə vətəndaşlarımızın minaya düşməsi, iki jurnalist daxil üç vətəndaşımızın həlak olması və bir neçə nəfərin yaralanması hamımızı üzdü, özünü azərbaycanlı sayan hər kəs bu hadisəni özünün şəxsi faciəsi kimi yaşadı, Azərbaycan ictimaiyyəti bir daha ayağa qalxdı, yumruq kimi birləşdi, düşməni lənətlədi.

Şübhəsiz ki, bu hadisəyə ermənilər sevindi, çünki düşməndirlər, lakin belə görünür ki, bu hadisəyə tək ermənilər sevinmədi, həm də marığa yatıb, Azərbaycanın başına gələ biləcək hər hansı fəlakəti həsrətlə gözləyən radikal müxalifət də sevindi. Arif Hacılının məsələyə münasibətini oxuyub dəhşətə gəldim və təəccübləndim ki, bizdə özünü siyasətçi hesab edənlərin içində bu qədər siyasətdən uzaq insanlar var.

Görün Arif Hacılı nə yazır: “Azərbaycan hakimiyyətinin yarıtmaz, səriştəsiz siyasəti ona gətirib çıxarıb ki, qalib gəlib məğlub duruma düşmüşük”. Müharibədə qalib gəlməyimizi hakimiyyətin “yarıtmaz, səriştəsiz siyasəti”nin nəticəsi və məğlub duruma düşməyimizin səbəbi hesab edən bir siyasətbaza nə deyəsən?! Təəccüblənməyin, bu cümlələr erməni mətbuatından deyil, özünü azərbaycanlı sayan bir “siyasətçinin”, partiya sədrinin fikridir. Bu cümlədən çıxan məntiq Fransa prezidenti Makronun Azərbaycanın işğaldan azad etdiyi torpaqları “ermənilərə geri qaytarması” barədəki bədnam çağırışı ilə üst-üstə düşür.

A.Hacılı sonra yazır: “Bütün dünyada yalnız qərəzli, bizə düşmən olanlar yox, əksər obyektiv qurumlar da, bir çox ləyaqətli adamlar da bizi haqsız hesab edir”. Bizə düşmən olanları başa düşdük, onlar ermənilərdir, bəs 44 günlük müharibəyə görə bizi haqsız hesab edən “obyektiv qurumlar, bir çox ləyaqətli adamlar” deyəndə partiya sədri kimi nəzərdə tutur? Heç şübhəsiz, Fransa, Kanada, Lüksemburq kimi erməni havadarı olan dövlətləri, beynəlxalq təşkilatları, Makron kimi siyasətçiləri və Azərbaycanda onların pul kisəsindən barınan milli xəyanətkarları, şərəfsizləri!

Bir tərəfdən hakimiyyəti vətəndaşlarımızın minaya düşməsinə görə ittiham edən, “iki jurnalistimiz və başqa vətəndaşlarımızın həlak olmasının məsuliyyəti də şəxsən İlham Əliyevin üzərinə düşür” deyən bu siyasətbaz, digər tərəfdən “7 aydır ki, ölkənin 700 min vətəndaşı mina bəhanəsi ilə öz ata-baba yurduna buraxılmır” deyə haray-həşir qoparır. Cəmi yeddi cümlədən ibarət olan statusunda özünü bu cür 180 dərəcə təkzib edən ikinci bir siyasətçiyə rast gəlmədim.

Əslində, bu adam özü də bilmədən daxili istəyini büruzə verir, yəni ki, niyə dövlət başçısı 700 min vətəndaşı tələm-tələsik minalanmış ərazilərə buraxmır ki, gündə 100-200 adam minaya düşsün, bunlar hakimiyyəti geninə-boluna ittiham etsinlər! Mən dəhşətə gəlirəm, bu erməni təfəkkürü nə vaxt bu siyasətbazların beynində bu cür özünə yer eləyib?! Doğrudanmı insan öz siyasi ambisiyası naminə millətinin fəlakətini bu qədər ehtirasla istəyərmiş?!

Hələ bu harasıdır, A.Hacılı danışdıqca batır. Cənab Prezidentin 44 günlük müharibənin gedişini, əməliyyatları “gizli” aparmasını, “nəyi, nə vaxt, necə etməyi mən bilirəm” – deyərək satqınlara, erməni agentlərinə informasiya sızdırmamasını və müharibəni qələbə ilə başa çatdırmasını həzm edə bilməyən A.Hacılı bunu “səlahiyyətləri təkbaşına mənimsəmək”, “heç kəsi yaxına buraxmamaq” kimi dəyərləndirir. Hiss olunur ki, müharibənin gedişində ağalarını “vacib” məlumatlarla təmin edə bilmədikləri üçün ciddi tənbeh alıblar.

A.Hacılının statusunda cənab Prezidentin işğaldan azad olunan ərazilərimizə tez-tez səfər etməsindən, həmin ərazilərdə sürətlə aparılan quruculuq işlərindən narahatlıq da aydın hiss olunur, o, bunu dövlət başçımızın həmin əraziləri “az qala şəxsi mülkiyyəti hesab etməsi” kimi dəyərləndirir.

Bir il hakimiyyətdə, 32 il siyasətdə olub, bir illik hakimiyyətləri dövründə hakimiyyətdaxili çəkişmələr nəticəsində Azərbaycanı bir çox fəlakətlərə sürükləyənlərdən birinin torpaqlarımızın 30 illik işğalına son qoyaraq adını Azərbaycan tarixinə qızıl hərflərlə əbədi həkk edən Xilaskar və Qurucu bir Prezidenti, Ali Baş Komandanı ittiham etməsi milli xəyanətin ən yaramaz formasıdır!

Əziz Ələkbərli,

Milli Məclisin deputatı