Əziz Ələkbərli: Zəngin mədəniyyətimizin təbliği önəmlidirbackend

Aşıq Ələsgərin 200 illik yubileyinin yüksək səviyyədə qeyd edilməsi aşıq sənətinin tədqiqinə və inkişafına böyük töhfə verir

Müstəqilliyinin bərpasının 30 illiyini qeyd edən Azərbaycan zəngin dövlətçilik tarixinə malikdir. Təsadüfi deyil ki, xalqımızın milli adət-ənənələrinin, mədəniyyətinin öyrənilməsi və təbliği ilə bağlı aparılan araşdırmalarda, ərsəyə gətirilən fundamental tədqiqat əsərlərində də bu məqam öz əksini tapır. Bütövlükdə isə ölkəmizdə ayrı-ayrı sahələrdə həyata keçirilən tədbirlər, görülən işlər zəngin mədəniyyətimizin öyrənilməsində və təbliğində müstəsna əhəmiyyət daşıyır.

Bu il ölkəmizdə Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi, qüdrətli söz ustadı Aşıq Ələsgərin anadan olmasının 200 illiyi qeyd edilir. Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 18 fevral 2021-ci il tarixində imzalanmış “Aşıq Ələsgərin 200 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncama uyğun olaraq, bu istiqamətdə mühüm işlər görülməkdədir. Belə ki, müvafiq qurumlar tərəfindən Aşıq Ələsgərin 200 illik yubileyi çərçivəsində dahi saz və söz ustadının irsinin öyrənilməsi ilə əlaqədar yeni tədqiqatlar aparılır və tədbirlər keçirilir. Ekspertlərin qeyd etdikləri kimi, dövlət başçısı tərəfindən sözügedən Sərəncamın imzalanması bütövlükdə Aşıq Ələsgərin yaradıcılığı ilə məşğul olan tədqiqatçılar, ələsgərşünaslar qarşısında yeni imkanlar açır. Eyni zamanda, Aşıq Ələsgərin 200 illik yubileyinin qeyd edilməsi milli adət-ənənələrimizin öyrənilməsi və xalqımızın zəngin mədəniyyətinin təbliği baxımından mühüm əhəmiyyət daşıyır.

Öz növbəsində, məsələyə münasibət bildirən Azərbaycan Qaçqınlar Cəmiyyətinin və Qərbi Azərbaycan İcmasının sədri, Milli Məclisin üzvü Əziz Ələkbərli deyib ki, 2021-ci ildə Aşıq Ələsgərin 200 illik yubileyinin yüksək səviyyədə qeyd edilməsi aşıq sənətinin tədqiqinə və inkişafına böyük töhfə verir. Azərbaycan aşıq sənətinin tarixi köklərə malik olduğunu qeyd edən Ə.Ələkbərli aşıq məktəbləri, o cümlədən Göyçə aşıq məktəbi, onun görkəmli nümayəndələrinin milli mədəniyyətimiz və ədəbiyyatımızın inkişafında mühüm rol oynadığını vurğulayb: “Məlum olduğu kimi, Azərbaycan aşıq sənəti bir sıra məktəblərdən ibarətdir. Bunlara Təbriz, Şirvan, o cümlədən Göyçə aşıq məktəbi daxildir. Göyçə aşıq məktəbinin özü də müvafiq olaraq mühitlərə bölünür. Məsələn, buraya Göyçə mühiti ilə yanaşı, İrəvan, Dərələyəz, Çildır, Gəncəbasar, hazırda aktiv fəaliyyət göstərən Gədəbəy və Kəlbəcər mühitləri də daxildir. Göyçə aşıq məktəbi bu mühitlər üçün bazis rolu oynayıb. Eyni zamanda, Göyçə Azərbaycan aşıq sənətinin, aşıq şeirimizin beşiklərindən olub, ədəbiyyat və mədəniyyət tariximizə Aşıq Alı, Aşıq Ələsgər, Aşıq Musa, Miskin Abdal, Aşıq Nəcəf, Növrəs İman, Aşıq Aydın kimi neçə-neçə ustad saz və söz sənətkarlarını bəxş edib. Aşıq Ələsgərin Göyçə aşıq məktəbinin zirvəsi olduğunu desək, yanılmarıq. Ona görə ki, dahi sənətkar Azərbaycan aşıq sənətində öz mövqeyi, öz dəsti-xətti ilə seçilib”.

Milli Məclisin üzvü deyib ki, Aşıq Ələsgər sənətinə Azərbaycan elmi-ədəbi-ictimai fikri tərəfindən həmişə yüksək qiymət verilib: “Bu böyük sənətkara layiq olduğu ən yüksək qiyməti Ulu Öndər Heydər Əliyev verib. Məhz Ümummilli Liderin siyasi iradəsi ilə Aşıq Ələsgərin 150 illik yubileyi Bakıda və Moskvada yüksək səviyyədə qeyd olunub. Eyni zamanda, yubiley münasibətilə ustad sənətkarın doğma yurdu Göyçə mahalının Ağkilsə kəndində tədbir keçirilib. Azərbaycandan gedən nümayəndələr də daxil olmaqla, soydaşlarımızın iştirakı ilə Aşıq Ələsgərin möhtəşəm yibileyinin keçirilməsi, məzarı üstündə abidə ucaldılması həmin dövrdə böyük cəsarətli addım idi. Göyçədə Aşıq Ələsgərin 150 illik yubileyinin keçirilməsi “bura bizim dədə-baba yurdumuzdur, bu yurdun yetirdiyi tarixi şəxsiyyətlər bizim xalqın nümayəndələridir, siz ermənilər isə bu yerlərə gəlməsiniz” ifadəsinin əyani təzahürü idi”.

Ə.Ələkbərli onu da xatırladıb ki, Aşıq Ələsgərin 175 illik yubileyi də vaxtilə Ulu Öndər Heydər Əliyevin Sərəncamı ilə dövlət səviyyəsində qeyd olunub. Onun sözlərinə görə, Azərbaycan aşıq sənətinə ən yüksək töhfələrdən birini də 2009-cu ildə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva verib: “Belə ki, Mehriban xanım Əliyevanın təşəbbüsü və böyük zəhməti sayəsində həmin il Azərbaycan aşıq sənəti UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilib. Bu da Azərabycan aşıq sənətinin təbliği, dünya miqyasına çıxarılması yönündə atılmış mühüm addımlardan biri idi. Bu il fevralın 18-də Prezidentimiz cənab İlham Əliyevin imzaladığı “Aşıq Ələsgərin 200 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncamı da Ulu Öndərin Aşıq Ələsgər yaradıcılığına həssas münasibətinin davamı kimi dəyərləndirmək olar. Bu yubileyin keçirilməsi 44 günlük Vətən müharibəsində qazandığımız möhtəşəm qələbədən sonra həm də mühüm ictimai-siyasi əhəmiyyətə malikdir. Digər tərəfdən, Göyçədə – tarixi torpaqlarımızda oturub Azərbaycana qarşı düşmənçilik edən ermənilərə çox ciddi mesajdır. Ermənilərə bu yolla xatırladırıq ki, biz o torpaqlarda qalan dəyərlərimizi yaddan çıxarmamışıq. Çünki Aşıq Ələsgər təkcə aşıq sənətimizin zirvəsi deyil, həm də düşmən tapdağı altında qalan tarixi torpaqlarımızın, o cümlədən ulu Göyçəmizin rəmzidir. 2021-ci ildə Aşıq Ələsgərin yubiley tədbirlərinin yüksək səviyyədə keçirilməsi isə Qarabağdan Göyçəyə, Qarabağdan Zəngəzura uzanan gələcək qayıdışların əsasıdır”.

Millət vəkili dövlət başçısının Sərəncamına uyğun olaraq, ölkəmizdə və xaricdə keçirilən, ədəbiyyatımızın və mədəniyyətimizin təbliğində mühüm rol oynayan tədbirlərə də toxunub: “Yubiley tədbirləri, təkcə ölkəmizdə deyil, xarici ölkələrdə, bütün Türk dünyasında keçirilib. Onlar arasında Mədəniyyət Nazirliyi, Milli Məclisin Mədəniyyət komitəsi, TÜRKSOY, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu, Azərbaycan Yazıçılar Birliyi, Azərbaycan Aşıqlar Birliyi, Azərbaycan Qaçqınlar Cəmiyyəti, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu və Beynəlxalq Türk Akademiyasının təşkilatçılığı ilə gerçəkləşən “Göyçədən Türk dünyasına” mövzusunda videokonfrans mühüm önəm daşıyırdı. Azərbaycan Qaçqınlar Cəmiyyəti və Qərbi Azərbaycan İcmasının təşkil etdiyi, Türkiyədən, Almaniyadan və Hollandiyadan ziyalıların, alimlərin qoşulduğu videokonfransı da xüsusi qeyd etmək olar. Məlum olduğu kimi, ustad sənətkarımız Aşıq Ələsgər də ağsaqqal yaşlarında vətənindən didərgin düşüb, bir müddət Kəlbəcər kəndlərində qaçqın həyatı yaşamağa məcbur olub. 1988-ci ildən sonra isə soydaşlarımızın Göyçədən qovulması erməni vandalları tərəfindən Aşıq Ələsgərin qəbirüstü abidəsinin dağıdılması ilə nəticələnib. Həmin tədbirdə Aşıq Ələsgərin qəbirüstü abidəsinin ermənilər tərəfindən dağıdılması ilə bağlı etiraz Bəyanatı qəbul edilib. Hesab edirəm ki, yubiley çərçivəsində atılan bu kimi addımlar indiki Ermənistanın ərazisinin tarixi Azərbaycan torpaqları olması ilə bağlı həqiqətlərin beynəlxalq müstəviyə çıxarılması yönündə də mühüm önəm daşıyır”.

Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği: dövlət müstəqilliyimizin bərpasının 30-cu ili – Azərbaycan dövlətçiliyi müasir mərhələdə” istiqaməti üzrə hazırlanmışdır.