“F**k media” qalmaqalı – “Qarabağ” tədbir görəcək?backend

Misli Premyer Liqasının 4-cü turu çərçivəsində dünən keçirilən “Qarabağ” – “Şamaxı” matçında  (4:0) xoşagəlməz anlar yaşanıb.

Belə ki, Ağdam təmsilçisinin “İmarət Tayfa” azarkeş qrupunun üzvləri tribunalarda “f**k media” şüarı səsləndiriblər. Yəqin ki, bu ifadəni ingiliscədən tərcümə etməyimizə ehtiyac yoxdur. Mənasını anladınız.

Bu da haqlı olaraq yerli idman mətbuatında kəskin narazılığa səbəb olub. Dünəndən bugünə istər media resurslarında, istərsə də sosial şəbəkələrdə həmkarlarımız fanatların bu nalayiq hərəkətinə etiraz bildirirlər. Hətta oyundan sonra keçirilən mətbuat konfransında həmkarlarımızdan biri bununla bağlı Qurban Qurbanova sual da ünvanlayıb. 50 yaşlı mütəxəssis isə məsələ haqda qısa danışaraq, stadionda təhqiramiz ifadələr eşitmək istəmədiyini bildirib.

Ancaq bu gün “İmarət”çilər üzr istəmək əvəzinə, Feysbuk hesablarında yaydığı açıqlama ilə bu hərəkətlərinə bəraət qazandırıblar.

Əvvəlcə həmin açıqlamanı təqdim edək: “İmarət Tayfa”nın dünən keçirilən “Qarabağ” – “Şamaxı” matçında qapıçımız Şahruddinə dəstək şüarlarından sonra “F**k you media” şüarı səsləndirilməsi, media qurumlarının təhqiri kimi başa düşülməməlidir!

Nəzərinizə çatdırırıq ki, dünya praktikasında da hər bir azarkeş qrupu öz futbolçusuna dəstək olmaq üçün onu tənqid edən media qurumuna tribunadan bu cür etirazını bildirir.

Jurnalistlərimizin necə öz terminləri varsa, azarkeşlərin də tribunanın da öz qaydaları və qəlibləşmiş şüarları var. Təəssüf ki, səsləndirilən şüarı hərfi tərcümə edərək, bunu şəxsinə təhqir edəcək düşüncədə olan jurnalistlərimiz var. Bir daha qeyd etmək istəyirik ki, “İmarət” Azarkeş Qrupunun idman mətbuatının müxtəlif üzvüləri ilə normal əlaqələri var və son səsləndirilən şüar təhqir yox, etiraz kimi başa düşülməlidir”.
Göründüyü kimi, bunun dünya praktikasında da mövcud olduğunu nəzərə çatdıran azarkeşlər medianı təhqir etmək niyyətində olmadıqlarını bəyan ediblər. Lakin oxuduqca, bunun başqa açıalamasının olmadığı qənaətinə gəlirsən.
Fanatların mətbuata qarşı bu cür aqressiyasının səbəbi nədir? İsti, soyuq demədən bütün matçlarda stadionlarda olan, peşəsini yerinə yetirən, çatışmayan cəhətləri tənqid, tərifəlayiq hallarda da lazımi addım atan jurnalistlər niyə hədəfə alınıb?
Hə, bəlkə son günlərin tənqid olunan əsas fiquruna – Şahruddin Məhəmmədəliyevə görə?
Bəlkə fanatlar bu addımı Çempionlar Liqasının pley-offunda Çexiya “Viktoriya”sı ilə keçirilən cavab matçındakı (2:1) səhvinə görə mediada tənqidlərə tuş gələn qapıçını müdafiə etmək məqsədilə atıb?  Ağla çox variant gəlir.
El arasında yaxşı bir deyim var: “söz ağızdan bir dəfə çıxır”. “İmarət Tayfa” bəyanatını yaydı, məsələyə “izah” verdi.
Bəs görəsən, “Qarabağ” klubu ən məşhur azarkeş qrupunun bu hərəkəti ilə bağlı açıqlama yayacaqmı/tədbir görəcəkmi?
Gözləyərik, görərik…
Offsideplus.az