“Fransa erməni diasporunun, eləcə də beynəlxalq erməni mafiyasının təsiri altındadır” – Əli Hüseynlibackend

Noyabrın 15-də Fransa Senatının qəbul etdiyi və Azərbaycana qarşı yönəlmiş bədnam qətnamənin ardındca 30 noyabr 2022-ci il tarixində Fransa parlamentinin aşağı palatasında (Milli Assambleya) Azərbaycan əleyhinə qəbul edilmiş yalan və iftira dolu qərəzli qətnamə Fransanın Azərbaycana qarşı növbəti təxribatıdır. Bu hərəkətlər Avropa və Azərbaycan arasında münasibətlərə zərbə vurmağa hesablanıb.

“Yeni Gundem” xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Əli Hüseynli bildirib.

Deputatın fikrincə Fransa Parlamentinin hər iki palatasında Azərbaycan əleyhinə indiyədək  qəbul edilmiş qətnamələr,Fransa ilə Azərbaycan arasında ikitərəfli öhdəlikləri, xüsusilə də Azərbaycan Respublikası ilə Fransa Respublikası arasında 1993-cü il dekabrın 20-də imzalanmış “Dostluq, qarşılıqlı anlaşma və əməkdaşlıq haqqında” Müqaviləni pozur:

“Qəribədir ki, Fransa 30 il Azərbaycanın əzəli torpaqlarını işğal altında saxlayan, xalqımıza qarşı soyqırımı siyasəti yürüdən, təbiətimizə, milli-mənəvi sərvətimizə misli görünməmiş zərər vuran Ermənistana havadar çıxır, öz haqqını öz gücü ilə bərpa edən Azərbaycanı isə işğalçı adlandırır. Belə görünür ki, ya bu ölkənin parlamentariləri, ümumiyyətlə, bölgədə baş verən hadisələrin tarixindən və coğrafiyasından tamamilə bixəbərdirlər,  ya da ki, Fransa erməni diasporunun, eləcə də beynəlxalq erməni mafiyasının təsiri altında hansısa qarşılıq müqabilində hüquqa zidd olan bu sənədlərə səs veriblər. Şübhə yoxdur ki, bu qətnamələr Azərbaycanın həm döyüş meydanında, həm də diplomatik sahədə uğurlarını həzm edə bilməyən erməni lobbisinin çirkin əməllərinin nəticəsidir.Məlum olduğu kimi, Milli Məclis Fransa Senatının qətnaməsinə artıq siyasi qiymət verib. Bununla bağlı qəbul edilmiş bəyanatda deyilir ki, Fransa Parlamentinin hər iki palatasında Azərbaycan əleyhinə indiyədək  qəbul edilmiş qətnamələr,Fransa ilə Azərbaycan arasında ikitərəfli öhdəlikləri, xüsusilə də Azərbaycan Respublikası ilə Fransa Respublikası arasında 1993-cü il dekabrın 20-də imzalanmış “Dostluq, qarşılıqlı anlaşma və əməkdaşlıq haqqında” Müqaviləni pozur.Fransa Parlamentinin  Milli Assambleyasının noyabrın 30-da qəbul etdiyi qətnaməyə dair Azərbaycan Xarici İşlər Nazirliyi tərəfindən verilmiş şərhdə isə belə davranış ciddi və yanlış siyasi addım kimi dəyərləndirilib. Sənəddə deyilir ki, qeyd edilən qətnamə Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesinə, habelə bölgədə sülh və əmin-amanlığın bərqərar olması səylərinə xələl gətirilməsi məqsədi daşıyır. Beynəlxalq hüququn norma və prinsiplərinə zidd olan bu qətnamə bir daha Fransanın qərəzli siyasi mövqeyini, beləliklə, bitərəf və ədalətli vasitəçi rolunda çıxış etmək iqtidarında olmadığını bariz şəkildə nümayiş etdirir.Maraqlıdır ki, qətnamə üzrə dinləmələrdə iştirak edən Fransa hökumətinin nümayəndəsi faktiki olaraq qətnaməni dəstəkləyib. Bu isə o deməkdir ki, bu qətnamənin də arxasında son vaxtlar açıq şəkildə müxtəlif platformalarda anti-Azərbaycan təşəbbüslərlə çıxış edən Fransanın siyasi rəhbərliyi dayanır. Lakin bu, heç də fransız xalqının hamısının düşüncəsini əks etdirmir. Çünki sadə fransızlar bu gün erməni diasporunun əlində oyuncağa çevrilmiş prezident Makronun ölkədə siyasi korrupsiyanı himayə etdiyinin və bunun nəticəsinin onlar üçün heç də yaxşı bitməyəcəyinin fərqindədirlər.Halbuki,  25 ilə yaxın müddətdə ATƏT-in Minsk Qrupunun həmsədri qismində münaqişə ilə bağlı neytrallığını qoruyub saxlamağa borclu olduğu halda Fransa hər zaman özünün ermənipərəst yanaşmaları ilə bölgədə sülhə və əmin-amanlığa təhlükə yaradan və ikili standartlara söykənən siyasi riyakarlıq nümayiş etdirmişdir. Ona həvalə edilmiş vasitəçilik rolundan yalnız özünün siyasi məqsədləri üçün istifadə etmiş, Ermənistanın təcavüzünə və işğalçı siyasətinə qiymət verməmiş və beləliklə də münaqişənin həllinə çalışmamışdır. Lakin onu da bilmək vacibdir ki, Fransa parlamenti Azərbaycana qarşı istənilən məsələ ilə bağlı qərar qəbul etsə belə, o qətnamənin heç bir hüquqi çəkisi olmayacaq. Belə ki, bir tərəfdən beynəlxalq hüququn tələbləri, digər tərəfdən isə Azərbaycanın sürətlə artmaqda olan beynəlxalq nüfuzu buna imkan verməyəcək. Prezident İlham Əliyev Fransanın təxribatçı əməllərinə münasibətini açıqlayaraq bildirib ki, bu təxribatın müəllifi Ermənistana himayədarlıq edən Fransadır, lakin ölkəmizin beynəlxalq nüfuzu qarşısında onun bu cəhdləri əbəsdir, bizim beynəlxalq təşkilatlardakı nüfuzumuz və beynəlxalq müstəvidə apardığımız siyasət təqdir edilir. Ona görə də 44 günlük Vətən müharibəsindən sonra bölgədə sülh və əmin-amanlıq üçün münbit şəraitin yarandığı həssas bir məqamda Fransa tərəfindən atılan belə təxribat xarakterli addımlar Fransanın özünün beynəlxalq nüfuzuna və reytinqinə ağır zərbədir.İstənilən halda, bu kimi təşəbbüslər nə Fransa parlamentinə, nə də hökumətinə başucalığı gətirir. Ona görə də, tamamilə məntiqlidir ki,  rəsmi Paris erməni lobbisinin maraqlarını deyil, xalqın  mənafelərini əsas götürməli, qonşu ölkələrin mövqeyinə nəzər yetirməli və ədalətli mövqe tutmalıdır.”

Fərahim Rəhimov