Fransa Milli Assambleyasının Fransa-Azərbaycan Dostluq Qrupunun üzvlərinə etiraz məktubu göndərildibackend

Fransa Milli Assambleyasının deputatı Fransua Pupponinin Azərbaycan ərazisində terror və diversiya fəaliyyəti həyata keçirməyə cəhd göstərmiş erməni diversantlardan ibarət qrupun üzvlərini “hərbi əsir və dinc sakinlər” kimi qələmə verən qətnamə layihəsi təqdim etməsi ilə bağlı Fransa-Azərbaycan Dostluq Qrupunun üzvlərinə etiraz məktubu göndərilib.

Bu barədə Milli Məclisin Azərbaycan-Fransa Parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Soltan Məmmədov məlumat verib. Deputat qeyd edib ki, məktubda qətnamə layihəsinin həqiqətləri təhrif etmək cəhdi olduğu, bu cür qərəzli təşəbbüslərin ATƏT-in Minsk Qrupunun üç həmsədrindən biri olan Fransanın tərəfsizliyinə şübhə yaratdığı, ikitərəfli münasibətlərdə qarşılıqlı etimadı zədələdiyi vurğulanıb.

Etiraz məktubunda Fransa parlamentinin üzvlərinin bir dəfə də olsun minalanmış ərazilərin xəritələrinin Azərbaycana təhvil verilməsi ilə bağlı təşəbbüslə çıxış etmədiyi xatırladılaraq,  2020-ci ilin noyabr ayından etibarən işğaldan azad olunmuş ərazilərdə baş verən mina partlayışı nəticəsində 21 Azərbaycan vətəndaşının həlak olduğu, 87 nəfərin isə yaralandığı vurğulanıb. Sentyabrın 27-dən noyabrın 10-dək Ermənistan ordusunun Azərbaycanın yaşayış məntəqələrinə raket və artilleriya hücumları  nəticəsində 101 dinc sakin həlak olduğu, 423 nəfərin isə yaralandığı qeyd edilib. Bu faktlara fransalı deputatların laqeyd münasibətinin Azərbaycan ictimaiyyətində haqlı suallar yaratdığı bildirilib.

Soltan Məmmədov qeyd edib ki, məktubda Ermənistan hökumətinin də imza atdığı üçtərəfli bəyanatdan bir ay sonra Azərbaycan ərazilərinə terrorçuluq məqsədilə göndərilən diversant qrupun üzvlərinin beynəlxalq humanitar hüquqa uyğun olaraq “hərbi əsir” hesab olunmadığı vurğulanıb. Azərbaycan dövlətinin bəyanatda əksini tapmış bütün öhdəliklərə sadiq qaldığı və sənədin müddəalarının icrası istiqamətində konkret addımlar atdığı qeyd olunub. Ermənistanın Birinci Qarabağ müharibəsi zamanı əsir və girov götürülmüş azərbaycanlılara münasibətdə 1949-cu il Cenevrə Konvensiyaları da daxil olmaqla, beynəlxalq humanitar hüququn tələblərini kobud şəkildə pozduğu, həmvətənlərimizin ağır işgəncələrə və alçaldıcı rəftara məruz qaldığı qeyd edilib. “Üçtərəfli bəyanatın imzalanmasından sonrakı dövrdə Ermənistan tərəfindən təxribat və terror fəaliyyəti ilə məşğul olmaq məqsədi ilə Azərbaycan ərazisinə göndərilən şəxslər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə görə məsuliyyət daşıyır və onlara münasibətdə beynəlxalq insan hüquqları hüququ və Azərbaycan qanunvericiliyinin müvafiq tələblərinə istinad olunur.”

Etiraz məktubunda Azərbaycan xalqının haqlı olaraq ATƏT-in Minsk Qrupunun üç həmsədrindən biri olan Fransadan balanslaşdırılmış, ədalətli mövqe gözlədiyi vurğulanıb. Qeyd edilib ki, Milli Assambleya üzvünün təşəbbüsü ölkəmizdə Fransanın tərəfsizliyinə onsuz da zəif olan etimadı daha da sarsıtmaqla yanaşı, bu ölkənin regionda  davamlı sülhün təmin edilməsində maraqlı olduğuna çox ciddi şübhələr yaradır.