Fuad Nəcəfli: Naxçıvanda büdcə vəsaitlərindən təyinata uyğun istifadə edilməyibbackend

Xəbər verdiyimiz kimi, bu gün altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin doqquzuncu sessiyası keçirilib.

“Yeni Gundem” xəbər verir ki, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli sessiyada çıxış edib.

Qeyd edilib ki, bu gün sessiyada Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına nəzər salınıb, eyni zamanda 2023-cü il büdcəsi, Dövlət Sosial Müdafiə Fondunun və İşsizlikdən Sığorta Fondunun büdcələri təsdiq edilib.

“Biz bu vəsaitlərdən maksimum səmərəli istifadə etməliyik. Təbii ki, Naxçıvan Muxtar Respublikasında bir çox istiqamətlər üzrə nöqsanlar vardır. Xüsusilə ötən illər ərzində büdcə vəsaitlərindən təyinata uyğun istifadə edilmədiyi müəyyən olunub. Bundan əlavə vətəndaşlarla iş sahəsində buraxılan nöqsanlar, şəhid ailələri və qazilərin problemləri birmənalı şəkildə həll olunmalıdır”, – o qeyd edib.

Səlahiyyətli nümayəndə ümumi inkişaf istiqamətlərini diqqətə çatdıraraq deyib ki, ilin əvvəlindən etibarən fəaliyyət Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu və digər sahələrdə müəyyən etdiyi istiqamətlərə uyğun qurulmalı, qarşıya qoyulan vəzifələr icra edilməlidir.

APA