“Futbolda mənim üçün oğul, qardaş, bacıoğlu anlayışı yoxdur”backend

 

2019-cu il üçün Azərbaycanda ilin məşqçisi seçilən “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov mükafatlandırma mərasimindən sonra brifinqdə jurnalistlərin suallarını cavablandırıb.

“Yeni Gundem” 48 yaşlı mütəxəssisin müsahibəsini təqdim edir:

– 2019-cu ili necə dəyərləndirərdiniz?
– Öncə hər kəsə təşəkkür edirəm. Ötən il qarşımıza məqsəd qoymuşduq ki, Azərbaycan çempionu olaq. Şükürlər olsun ki, bunu əldə elədik. Sonra Çempionlar Liqasında pley-off mərhələsinə qədər irəliləməyi düşünürdük. Bunu reallaşdıra bilmədik. Ən azından Avropa Liqasının qrupuna düşdük. Qarşımıza qoyulan minimum hədəf idi. Sadəcə, qrupa düşdükdən sonra istəyimiz daha çox olur. Bu hər zaman belə olub. Qrupda ən azı 2-ci yeri tutmaq istəyirdik, alınmadı, bu da normaldır. Heç də asan iş deyil. Sonda istər-istəməz uğursuzluq kimi göründü. Hər bir fikirlə hörmət edirəm. Klub olaraq, inkişaf etməyi, hər il bir addım önə getməyi istəyirik. Həvəsdən düşmürük, hər il yaxşısını etməyə çalışırıq. Futbol kollektiv oyundur, kiçik nüanslar var ki, hər şeyi bütün şəkildə edə bilmirsən. Komandamız üçün heç də pis il keçmədi. Bu turniri azarkeşlərimiz üçün hiss etdirdik. “Sevilya” kimi komanda Bakıya gəldi. Keçən ilki vəziyyəti qoruya bildik. Bunu birgə bacardıq. Hər kəsə təşəkkür edirəm. Çətin ili kiçik uğurla arxada qoya bildik.

– Uğursuzluqdan qorxduğunu vurğuladınız. Bu hissləsi mövsümün hansı hissəsində daha çox hiss etdinz?
– İnan ki, bunu hər il hiss edirəm, düşünürəm. Hamımız futbolla maraqlanırıq. Böyük klublar və məşqçilərin uğurları stabil əldə edə bilmədiyini görürük. Həmişə “Barselona”nı misal gətirmişəm. Bu komanda Pep Qvardiola ilə pik səviyyəsində 2 dəfə Çempionlar Liqasını qazandı. 5 il ərzində 3 dəfə ölkə çempionu oldular. Daha sonra isə Qvardiola klubdan getdi. Belə misallar çoxdur. “Real”ı, Yurgen Kloppu da qeyd etmək olar. Hər məşqçinin başına gələ biləcək hadisədir. Öz səviyyəmizdə uğursuzluq yaşaya bilərik və bu da məni narahat edir. Hər il turnirlərdən öncə bunu hiss edirəm. Çempionatda, Avropada seçmə mərhələ oyunlarında və qrup mərhələsində fərqli cür hisslər olur. Bununla qarşılaşmaq istəməzdim, amma buna hər zaman hazır olur.

– Avropa Liqasının son matçında İsmayıl İbrahimli, Şahrudin Məhəmmədəliyev start heyətdə meydana çıxdı. Gələcəkdə belə addımlar atacaqsınız? Musa Qurbanlıya əsas komandada şans verməyi düşünürsünüz?
– Bunun böyük bir risk olduğunu ötən dəfə demişdim. Avropa Liqasında daim iştirak etmək istəyiriksə, birdən-birə bu riski edə bilmərik. Bəlkə də, bunu etsək, pis alınmaz. Hazırda bu heyəti qorumalıyıq. Əlbəttə, bir neçə dəyişiklik lazımdır və bu da olacaq. Bu yola getmişiksə, daim Avropa Liqasının qrupunda oynamaq istəyiriksə, belə risklərdən qaçmalıyıq. Şahruddin fikrimcə, neçə ildir ki, Avropa Liqasında oynamağı haqq edir. Səhv etmirəmsə, ilk oyunu oldu. Çox işgüzar və bacarıqlı oğlandır. Qapıçının boyuna çox önəm veririk. Bəzən bu maillər məni ehtiyatlandırır. Bu matçda itirəcəyimiz nəsə yox idi. Düzdür, hamı deyirdi ki, stimuldur, maliyyə qazana bilərik. Uduzsaydıq belə, yenə fikirlər eyni olacaqdı və uğursuzluqdan danışılacaqdı. Neçə il bundan əvvəl heyətdə çox dəyişiklik etmişdik. Sizə bir misalı gətirim, Qara Qarayevi yanılmıramsa, 18 yaşında “Brügge” ilə səfər matçında əsas heyətə qoymuşduq. Belə bir addım atmışdıq. Hətta matçın 60-70-ci dəqiqələrində Qarananın ayağı qıcolma olmuşdu. Bu, onun hazırsızlığı ilə deyil, həyəcanına görə idi. Gəncləri birdən-birə böyük oyunlara atmaq olmaz. Hissə-hissə, dəqiqə-dəqiqə düzgün istifadə etməliyik. Bizim digər gənclərimiz də var. Toral Bayramlı da “Düdelanj”la matçın iştirak ərizəsində idi. Çox istəyirdik ki, oyuna çıxsın. Matçın axarı elə getdi ki alınmadı. Məğlub vaxtı futbolçu daha gərgin olur. Musa Qurbanlı ilə bağlı tələsmək olmaz. Hərənin öz vaxtı və hazır olma müddəti var. Futbolda mənim üçün oğul, qardaş, bacıoğlu anlayışı yoxdur. Oğlum olduğu üçün mənim prinsiplərimdə bir addım geridədir. Digərlərinə daha tez şans verirəm, nəinki Musaya. Çox çalışır üzərində, layiq olduğu vaxt qarşısını kəsməyəcəyik. Oğlum olsun və ya digərləri, fərq etmir, gənc oyunçularımız var. İş gedir, bir neçə ilə “Qarabağ”ın 3-4 bacarıqlı oyunçusu olacaq.

– 2019-cu ildə milli komandanın fiaskosundan nə deyə bilərsiniz? Sizcə, yeni çalışdırıcı yerli mütəxəssis olmalıdır, yoxsa əcnəbi?
– Fikir bildirməyim düz olmaz. Fiasko haqda, kimin gəlib-gəlməyəcəyindən danışmaq doğru çıxmaz. Millidə çalışmışam, futbol oynamışam və bu gün İK üzvüyəm. İcraiyyə Komitəsində araşdırmalar gizli olur. Fikir bildirmək düzgün olmaz. Hamımız millidən oçx şey gözləyirik. “Qarabağ”dan və məndən də çox şey gözləyirsiniz. Futbol prinsipləri belədir.

– İctimaiyyətdə belə fikir var ki, sizə milli komandada işləməyə maneələr yaradıldı. Millidən ayrılandan sonra hər zaman susqun olmusunuz. Ancaq federasiya tərəfi iki cəbhədə çatdırmadığınızı üçün sizinlə yolların ayrıldığını bildirir. Bu vəziyyətdə qarşı tərəf daha doğru danışan tərəf kimi görünür. Konkret olaraq, millidən ayrılmağınız iki işdə çatdıra bilməmiyiniz oldu, yoxsa başqa səbəblərdir?
– Futbola özümü ayırmaq istəmirəm. Hamımız azərbaycanlıyıq və futbolun inkişafı üçün çalışırıq. Federasiya ilə 6 illik iş planımız olmuşdu. Düzdür, müqavilə 3 illik imzalanmışdı. Amma proqram 6 ili əhatə edirdi. Sonda belə məsləhət bildilər ki, yollar ayrılsın. İK iclas keçirdi və bildiyiniz kimi orda iştirak etmədim. Bu, hamı üçün belədir. Məsələn, dünən Nikola Yurçeviç iclasa qatılmadı və yekunda fikirlərini səsləndirdi. Mən həmin iclasda iştirak etməmişdim. Fikirlərini səsləndirdilər ki, yolları ayırmışıq. Mən də normal qarşıladım. Birgə çalışmayacağımız barədə deyilirsə və bununla razıyamsa, bu, ikili razılıq olur. İK qərar verdi ki, mənimlə yola davam edilməyəcək. Mən də qərara hörmət elədim, hər birinə təşəkkürümü bildirdim, görüşdüm. Bu, bizim iş prinsiplərimizdir. Mən o insanlara görüşürəm, futbolu müzakirə edirik. Normal qarşılayıram. İctimaiyyətdə tərəfli fikirlər olduğunu deyirsiniz, bilmirəm hansı düşüncələrdir. Ayırmaq istəmirəm, hamımız futbolumuz üçün çalışırıq. Hamımız bunun inkişafı üçün çalışırıq. Sualınızla bağlı deyərdim ki, mən çıxdım, gəldim və yollar ayrıldı (gülür).