G7 toplaşdı-Nə müzakirə olunur?backend

G7-nin xarici işlər nazirləri Rusiyanın kimyəvi, bioloji və ya nüvə silahlarından istənilən istifadəsinin Rusiya üçün ağır nəticələr verəcəyini və Ukraynada Rusiyaya dəstək verənlərin bu dəstəyin baha başa gələcəyini bildirirlər.

“Yeni Gundem” Xarici KİV-ə istinadən xəbər verir ki, “Böyük Yeddilik”in xarici işlər nazirləri üçüncü ölkələri Rusiyaya dəstəyi dayandırmağa çağırır.

“Rusiyanın məsuliyyətsiz nüvə ritorikası və onun Belarusda nüvə silahının yerləşdirilməsi ilə bağlı təhdidləri qəbuledilməzdir. Rusiya tərəfindən kimyəvi, bioloji və ya nüvə silahından istənilən istifadə ağır nəticələrə səbəb olacaq”, – G7-nin xarici işlər nazirləri kommünikedə bildiriblər.

“Biz Rusiyaya qarşı sanksiyaların gücləndirilməsinə və tam şəkildə tətbiqinə sadiqik. Biz bir daha üçüncü tərəfləri Rusiyanın müharibəsini dəstəkləməyi dayandırmağa çağırırıq, əks halda onları ağır qiymət gözləyir”, – kommünikedə deyilir.

Qrup həmçinin Rusiyanın Ukraynaya qarşı müharibəsinə dəstək qazanmaq üçün “informasiya manipulyasiyasından və dezinformasiyadan geniş istifadə etməsini” qəti şəkildə pisləyir. “Böyük Yeddilik”in xarici işlər nazirləri beynəlxalq tribunalın yaradılmasının öyrənilməsini dəstəklədiklərini bəyan edirlər.

“Rusiyanın mülki əhaliyə və mühüm mülki infrastruktura qarşı hücumları kimi hərbi cinayətlərin və digər vəhşiliklərin cəzasız qalması qeyri-mümkündür”, – kommünikedə deyilir.

“Böyük Yeddilik”in xarici işlər nazirləri Yaponiyanın Naqano prefekturasının Karuizava şəhərində keçirilən üç günlük danışıqlardan sonra bu kommünike qəbul ediblər.

Fərahim Rəhimov