“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai birliyinin sədri Sevinc Alızadə,“Sağlamlığın Qorunması” İctimai birliyinin sədri Yazgül Abdıyeva, “Sara Xatun” İctimai birliyinin sədri Pərvanə Mustafayeva tərəfindən onların təşkilatçılığı ilə və Mənəvi Dəyərlərin Təbliği Fondunun dəstəyi ilə Gədəbəy şəhid ailələrinin Şuşaya səfəri təşkil olunub.
“Yeni Gundem” xəbər verir ki, zəfər gününə həsr olunmuş səfərin keçirilməsində məqsəd vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin ailələrinə qayğı göstərmək, işğaldan azad edilmiş torpaqlarımıza baş çəkmələrinə şərait yaratmaqdır.
Səfər zamanı şəhidlərimizin müqəddəs amal uğrunda canlarından keçdiyini və daim onların hünərinin Azərbaycan xalqının yaddaşında yaşayacağı da onlara qeyd edilib. Həmçinin mərd oğullarımızın qəhrəmanlıqla dolu döyüş yolu xatırlanıb, hər birinin göstərdiyi igidlikdən bəhs olunub.
Şuşanın işğaldan azad edilməsi uğrunda döyüşlərdə iştirak edən və orada şəhidlik zirvəsinə ucalan hərbçilərin valideynləri də iştirakçılar arasında olub.
Səfər çərçivəsində iştirakçılar Azərbaycanın mədəniyyət paytaxtının zəngin tarixi, mədəni irsi, şəhərdə aparılan bərpa və quruculuq işləri ilə tanış olublar. Şəhid ailələrinin üzvləri Cıdır düzünə gedib, Molla Pənah Vaqifin muzey-məqbərə kompleksini, Bülbülün ev muzeyini ziyarət ediblər, Üzeyir Hacıbəyli, Bülbül və Xurşidbanu Natəvanın güllələnmiş büstləri ilə tanış olublar. Gəzinti Şuşanın tarixi-mədəni abidələri və Şuşa qalasında davam edib.
Qeyd edək ki, bu tip səfərlər digər regiondan olan şəhid ailələri üçün təşkil olunur.