Gənc yazarla müsahibə: Artıq 8 il olar ki yazıram…backend

Ciddi yaradıcılığa 20-21 yaşlarımdan başlamışam, artıq 8 il olar ki yazıram… Bu sözləri “Nmedia.az” – a müsahibəsində gənc yazar Etibar Həsənzadə bildirib.

Yazarla müsahibəni oxucularımıza təqdim edirik:

Neçə yaşınızdan yazıb-yaratmaq qabiliyyətinizin olduğunu hiss etdiniz ?

– Orta məktəb yaşlarımdan özümdə yazmaq qabiliyyətini hiss etdim. Ciddi yaradıcılığa 20-21 yaşlarımdan başlamışam. O vaxtdan 8 il keçib, artıq 8 kitab müəllifiyəm.

Özünüzün ən uğurlu saydığınız işiniz ( şer və ya yazı ) ?

– Lirik şeirlərimdən “Sən mənim eşqimsən, sevdiyim deyil”, vətənpərvərlik mövzusunda isə general Polad Həşimova həsr etdiyim “General gəlir” poeması.

Müasir azərbaycan ədəbiyyatında kimlərin ( tarixdə ) qalacağını düşünürsünüz?

– Onu zaman göstərər…

Əsasən günün hansı saatında yazırsınız?

– Nə zaman həvəsim olsa, təbim gəlsə o vaxt yazıram. Məsələn, hansısa musiqi parçası xoşuma gələrsə, onu dinləyə-dinləyə yazıram…

Kimi özünüzə kumir sayırsınız ? 

– Kumir deməzdim, bəyəndiyim yazıçı və şairlər var. Bəxtiyar Vahabzadə, Məhəmmədhüseyn Şəhriyar, Mikayıl Müşfiq və bir neçə digər yazıçı və şairi bəyənirəm.

Müasir yazıçılardan?..

– Aydan Xəndan, Damət Salmanoğlu, Ədalət Qafaroğlu, Vidadi Ağdamlı, Zaur Ustac və digərləri…

Sonda bir az bizə uğurlarınızdan danışın…

– Tovuz hadisələri başlayanda layihəmə start verdim. “Gözlə bizi, Qarabağım” şeiri ilə başladım, sonra Polad Həşimov şəhidlik zirvəsinə ucalanda generalımıza poema həsr etdim. Qələbəmizdən sonra “Qarabağ Azərbaycandır” şerini yazdım, layihəmə də bu adı verdim. Layihə çərçivəsində XTQ-nin aprel şəhidi Emin Bağırova həsr etdiyim “Mən şəhid olacam, ana” adlı kitabım işıq üzü gördü. Vətənpərvərlik mövzusunda silsilə şeirlər yazıram.  Hazırda layihə davam edir.

Nicat Dilqəmli,

Baş redaktor