Gəncə Hərbi Hospitalında icbari tibbi sığorta ilə bağlı maarifləndirici tədbir keçirildibackend

Gəncə Şəhər Hərbi Hospitalında icbari tibbi sığorta ilə bağlı maarifləndirici tədbir keçirilib.

“Yeni Gundem”-in xəbərinə görə, mərasimi giriş sözü ilə açan Hospitalın rəisi, tibb xidməti polkovniki Hüseyn Qaçayev tibb sahəsində dövlət başçısının rəhbərliyi altında uğurlu islahatların aparıldığını, icbari tibbi sığorta sisteminin tətbiqi ilə bağlı mühüm addımlar atıldığını bildirib.

O, icbari tibbi sığortanın tətbiqini səhiyyə sahəsində aparılan uğurlu islahatların davamı kimi dəyərləndirib. Polkovnik sözügedən sistemin səhiyyənin inkişafına töhfə verəcəyini vurğulayıb.

Daha sonra tədbirdə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Gəncə şəhər filialının rəhbəri Kamal Həsənov çıxış edib. O deyib ki, icbari tibbi sığortanın məqsədi əhalinin səhiyyə xərcləri ilə bağlı maliyyə yükünü azaltmaq və yüksək keyfiyyətli tibbi xidmətlərə əlçatanlığını təmin etməkdir.

O xatırladıb ki, bütün ölkə vətəndaşları icbari tibbi sığorta ilə Xidmətlər Zərfinə daxil olan tibbi xidmətlərdən ödənişsiz istifadə edə bilərlər: “Tibbi xidmətə vətəndaşların ehtiyacı yarandığı təqdirdə TƏBİB-in tabeliyindəki istənilən dövlət tibb müəssisəsinə şəxsiyyət vəsiqəsi ilə müraciət etmələri kifayətdir. Muzdla işləyən fiziki şəxslər, hərbi qulluqçular, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla, Milli Məclisi və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən vəzifəyə təyin olunan şəxslər, seçkili ödənişli vəzifə tutan şəxslər, vergi ödəyicisi kimi vergi uçotuna alınmış fiziki şəxslər, mülki-hüquqi xarakterli müqavilələr əsasında işləri yerinə yetirən fiziki şəxslər istisna olmaqla hər kəs icbari tibbi sığorta haqqı ödəməkdən azaddır. Onların sığortahaqları dövlət büdcəsi hesabına ödəniləcək”.

K.Həsənov söyləyib ki, vətəndaş TƏBİB-in tabeliyində olan dövlət tibb müəssisəsi tərəfindən göndəriş vərəqəsi almadan birbaşa müqaviləli tibb müəssisəsinə müraciət edərsə, tibbi xidmətinin dəyərini tam həcmdə öz vəsaiti hesabına ödəməlidir.