Gəncə prospektindəki bina sakinlər üçün təhlükə mənbəyidir – VİDEOREPORTAJbackend

Xətai rayonu, Gəncə prospekti 39 ünvanının sakinləri yaşadıqları binanın saysız-hesabsız problemlərindən əziyyət çəkirlər.

39 saylı binanın əsas problemi kanalizasiya xətlərinin köhnə və yararsız vəziyyətdə olması, bu səbəbdən binanın zirzəmisinin çirkab suları ilə dolmasıdır. Bu, bir tərəfdən binanın bünövrəsini yumaqla uçma təhlükəsini artırır, digər tərəfdən, antisanitar vəziyyəti dözülməz həddə gətirir.

Digər bir problem isə binanın həm önündə, həm də arxasında həyətin asfalt örtüyünün bərbad vəziyyətdə olmasıdır. Asfaltda o qədər qabarmalar və çökmələr olub ki, kanalizasiya quyularının ağzı yerdən bir neçə santimetr hündürə qalxıb. Nəticədə yağış yağanda buradan suyun axıdılması mümkünsüz olur və böyük gölməçələr binanın zirzəmisinə axır.

Gəncə prospektinin bir özəlliyi də binaların pillləli şəkildə yerləşməsidir. Lakin onları birləşdirən pilləkənlər burada da bərbad vəziyyətdədir. Daşlar qırılıb töküldüyündən uşaqlar və yaşlı insanlar müvazinətini saxlamaqda çətinlik çəkirlər. Tutacaqlar olmadığından ikinci şəxslərin köməyi zərurətə çevrilir.

Sakinlərin digər bir şikayəti isə binanın həyətində insanların istirahəti, uşaqların oynaması üçün şəraitin olmamasıdır. Əvvəllər insanların bağ saldığı geniş ərazidə isə abad həyət salınması üçün gözəl imkanlar var.

Vətəndaşları narahat edən digər bir məqam isə binanın qarşısındakı istinad divarının uçulub tökülməsidir. Fasad örtüyü qopub tökülən istinad divarının bir gün torpaq səthinin ağırlığına tab gətirməyərək uçacağı da istisna deyil. Sakinlər bu durumdan qorxduqlarını və dövlət qurumlarının burada kompleks tədbirlər görməsinin vacib olduğunu deyirlər.

39 saylı binanın blok girişləri isə qorxulu filmləri xatırladır. Seyf qapıların olmaması və girişlərin təhlükəli bir vəziyyətdə açıq olması bir tərəfə, təmir vəziyyəti də bərbad haldadır.

Ən təhlükəli məqam isə binalara paylanan elektrik xəttinin paylayıcı lövhələrinin yerləşdiyi ərazinin açıq vəziyyətdə olmasıdır, qapısı qırılan ərazi zibilxananı xatırladır. Hansısa uşağın səhvən oraya girməsi ölümə bərabər deməkdir. Valideynlər deyir ki, bu həyət uşaqlar üçün tam bir təhlükə mənbəyidir.

Daha ətraflı təqdim etdiyimiz videodan izləyə bilərsiniz.