“Gəncədəki bu terroru guya hansısa erməni şəhərində baş verən bir olay kimi təqdim etməyə çalışırlar” – Naqif Həmzəyevbackend

Baş Prokurorluq ermənilərin Gəncədə törətdiyi terror aktı ilə bağlı 5 dildə – fransız, ispan, alman, rus, ingilis dillərində video hazırlayıb. Dünyanın erməni vəhşiliyi haqqında ətraflı məlumatlandırılması, beynəlxalq mediada Azərbaycan həqiqətlərinin daha çox yayılması baxımından bu cür addımlar nə dərəcədə əhəmiyyətlidir? Gələcəkdə də dünya ictimaiyyətinin baş verənlər haqqında dəqiq və qərəzsiz məlumat alması üçün əcnəbi dillərdə bu cür materialların hazırlanması effektiv təbliğat vasitəsi sayıla bilərmi? Moderator.az-a açıqlama verən millət vəkili Naqif Həmzəyev erməni vəhşiliyinin ifşa edilməsi istiqamətində atılan addımların önəminə diqqət çəkdi: “Azərbaycana qarşı törədilən bu terror aktını – hərbi cinayəti, onun mahiyyətini dövlətimiz dünya ictimaiyyətinə lazımınca təqdim edə bildi. Erməni vəhşiliyinin beynəlxalq mediada işıqlandırılmasına nail olduq. Bütün kanallarla – həm Prezident Administrasiyası, həm XİN, həm Baş Prokurorluq, həm də Milli Məclis xətti ilə bütün diplomatik korpuslara, beynəlxalq təşkilatlara gərəkli informasiyalar çatdırıldı.

Qeyd etdiyiniz kimi, Gəncədəki terrorla bağlı bir neçə dildə videoroliklər də hazırlanıb ki, bunların da dünya ictimaiyyətini məlumatlandırmaq baxımından mühüm önəmi var. Bununla yanaşı, xarici dillərdə daha bir neçə videorolik hazırlanır. Dünən şəxsən məndən ingilis dilində səlis danışan gənclərə ehtiyac duyulduğunu, bu cür gənclər axtardıqlarını bildridilər. Biz onları xarici dildə sərbəst danışan gəncəli gənclərlə təmin etdik. Biz də maraqlıyıq ki, baş verən terror aktı haqqında elə Gəncə gənclərin dili ilə dünya ictimaiyyəti məlumatlansın”.

“Düşmən Gəncədəki bu terroru guya hansısa erməni şəhərində baş verən bir olay kimi təqdim etməyə çalışır”

Millət vəkili, görülən işlərin önəmini qeyd etməklə yanaşı, görülməsi gərəkən işlərə də diqqət çəkdi:

“Hesab edirəm ki, biz ermənilərin bu terror aktını dünya ictimaiyyətinə çatdıra bildik. Lakin iş bununla bitmiş deyil. Bu işlər bundan sonra da davam etdiriləcək. İki əsr boyunca ermənilər özləri haqqında yalan bir tarix uydurublar, qondarma bir obraz yaradıblar. Yaratdıqları bu qurama tarxi, bu yalançı obrazı dünya ictimaiyyətinə sırıya biliblər. Erməni həyasızlığı o səviyyədədəir ki, onlar Gəncədəki bu terroru guya hansısa erməni şəhərində baş verən bir olay kimi təqdim etməyə çalışırlar. Necə ki, vaxtiylə Xocalı soyqırımını guya onlara qarşı baş verən hadisə kimi təqdim etməyə cəhd edirdilər.

Düşmənimiz çox mənfur və hiyləgərdir. Onlar dinc əhalini qurbana çevirirlər. Bu baxımdan xarici mediaya verilən müsahibələr, xarici jurnalistlərin burada işləməsi üçün gərəkli şəraitin yaradılması olduqca önəmlidir”.

“Beynəlxalq ictimaiyyətin məlumatlandırlması işi koordinasiyalı şəkildə təşkil olunub”

Millət vəkili, xarici diplomatların Gəncəyə səfərinin də olduqca faydalı və səmərəli keçdiyini vurğuladı: “Bildiyiniz kimi, Azərbaycanda fəaliyyət göstərən bütün diplomatların, səfir və atteşələrin Gəncəyə və Mingəçevirə səfəri təşkil edildi. Bu, çox gözəl bir addım oldu. Çünki həmin diplomatlar, beynəlxalq təşkilatların nümayəndələri öz gözləri ilə prosesi izlədilər. Gəncə sakinləri ilə ünsiyyətdə oldular. Onlar özləri də inana bilmirdilər ki, necə olur ki, uzaqmənzilli raket dinc əhalinin yaşadığı bir yerə atılır. Onlara hörmətli Hikmət Hacıyev dəfələrəl sual verdi ki, burada hansısa hərbi obyekt görürsünüzmü? Diplomatlar özləri də şoka düşmüşdü ki, hərbi obyektlərin olmadığı bir yerə, dinc əhalinin yaşadığı bir yer necə, hansı məntiqlə raket zərbəsi endirilə bilər? Burada hər yer məktəblər, xəstəxanalar, yaşayış obyektləri, ticarət mərkəzləridir.

Hesab edirəm ki, beynəlxalq ictimaiyyətin məlumatlandırlması işi koordinasiyalı şəkildə təşkil olunub və  bütün əlaqədar dövlət qurumları bu məsələdə yaxından iştirak edir. Hansı ki, bunun özü bir uğur kimi xarakterizə edilə bilər”.