Gəncənin deputatı: “Döyüş meydanında məğlub olan düşmən heyfini dinc vətəndaşlardan çıxmaq istəyir” – FOTObackend

“Gəncə növbəti dəfə erməni terroruna məruz qalıb. Ermənistan silahlı qüvvələrinin bu gecə saat 01 radələrində Gəncənin mərkəzi hissəsində yerləşən dinc sakinlərin yaşayış məntəqələrini raket atəşinə tutması nəticəsində 12 nəfər həlak olub, 40-dan çox şəxs yaralanıb, çoxsaylı mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib. Bu rəsmi rəqəmlərdir. Xilasetmə işlərində vətəndaşlar da xüsusi fəallıq göstərdilər. Belə mənzərəni müşahidə edəndə, dözmək olmur. Çox ağır hadisədir…

Təəssüflər olsun ki, dünya ictimaiyyəti bu proseslərə susur. Gəncə artıq neçənci dəfədir, raket atəşinə məruz qalır. Belə terror hücumları nəticəsində xeyli sayda yaralanan və həyatını itirənlər olub, azyaşlılar valideynsiz qalıb…”.

Bunu açıqlamasında Azərbaycan Milli Məclisində Gəncəni təmsil edən deputat Naqif Həmzəyev deyib.

N.Həmzəyev qeyd edib ki, dünya ictimaiyyəti Ermənistana “dur” deməlidir, qınağa məruz qoymalıdır: “Ermənistanda dövlət yoxdur,  terror qruplaşmasıdır… Onlar cəzalarını almalıdırlar. Bilirsiniz ki, Azərbaycan sentyabrın 27-dən əks-hücum əməliyyatları həyata keçirərək işğal altında olan torpaqlarımızı azad edir. Döyüş meydanında məğlub olan düşmən heyfini dinc vətəndaşlardan çıxmaq istəyir. Çalışırlar ki, əhalini təşviş içində saxlasınlar, insanlar qorxsunlar və müharibənin dayandırılması tələbi ilə çıxış etsinlər. Amma əksinədir, Gəncə sakinləri ayaqdadır, hamı torpaqlarımızın Ali Baş Komandanımızın rəhbərliyi ilə işğaldan azad edilməsini istəyir. Hər kəs Şuşada, Xankəndidə, o cümlədən digər ərazilərimizdə Azərbaycan bayrağının dalğalanmasını görməyi arzulayır. Biz əminik ki, qələbə çalacağıq”.

Fotolar İlqam Cəbiyevə məxsusdur.Pravda.az