“Gender bərabərliyi” üzrə yeni dərs vəsaiti çap edilibbackend

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ) və Bakı Dövlət Universiteti ilə birgə “Gender bərabərliyi” adlı dərs vəsait hazırlayıb.

“Yeni Gundem” xəbər verir ki, elmi vəsait BMT-nin “Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv olunması haqqında” Konvensiyasının 1-2-ci, 7-8-ci, 10-cu maddələrinin, Avropa Şurasının Gender bərabərliyi üzrə Strategiyasının (2018-2023-cü illər) 3, 4 və 6-cı strateji məqsədlərinin və Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında qanunun icrasına yönəlib.

Yeni dərs vəsaitində gender bərabərliyi anlayışı, onun yaranma tarixi və təmin edilməsi, cinsi ayrı-seçkilik, gender stereotiplərinin yaranması və onunla mübarizə üsulları sahəsində beynəlxalq müqavilələr və milli qanunvericilik, dövlət qulluğunda gender bərabərliyi prinsipinin tətbiqi və digər mövzular əhatə edilib.

Nəşrdə, həmçinin iqlim dəyişikliyinin və COVİD-19 virusunun gender bərabərliyinin təmin edilməsinə, eləcə də ətraf mühitin ailəyə və cinsi nisbətə təsiri kimi yeni və maraqlı mövzuların əhatə edilməsi bu dərs vəsaitinin geniş şəkildə istifadəsinə şərait yaratmaqla, ölkədə insan hüquq və azadlıqlarının təbliğinə öz layiqli töhfəsini verəcək.

Dərs vəsaiti Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq konvensiyalara və milli qanunvericiliyə əsasən hazırlanıb. 6 fəsildən ibarət vəsait ali təhsil ocaqları və dövlət orqanlarının istifadəsi üçün yararlı hesab edilir.

Vəsait əhatə etdiyi məsələlərin genişliyi və əhəmiyyəti baxımından gender bərabərliyi sahəsində ali təhsil ocaqlarının tələbələri, dövlət qulluqçuları, bələdiyyələr, müvafiq fənləri tədris edən müəllimlər, elmi işçilər, hüquqşünaslar, ümumiyyətlə, dövlət idarəçiliyində gender məsələsi ilə maraqlanan oxucular üçün faydalı informasiya mənbəyidir.