Generalın adından istifadə edən “Lombard Mazbura”ya hökm oxundubackend

Bakıda çoxsaylı şikayətlər əsasında barəsində cinayət işi açılmış, lombard fəaliyyəti ilə məşğul olan Mazbura Əliyevaya hökm oxunub.

“Yeni Gündəm”-in məlumatına görə, 1960-cı il təvəllüdlü M.Əliyeva Nizami Rayon Məhkəməsində Cinayət Məcəlləsinin dələduzluq maddəsinin 4 bəndi (178.2.1, 178.2.2, 178.2.3 və 178.2.4) ilə ittiham edilib. Məhkəmənin hökmü ilə ona 4 il 3 ay müddətinə azadlıqdan məhrumetmə cəzası verilib.

İş üzrə 40 nəfər zərərçəkmiş şəxs qismində tanınıb. Həmin şəxslər müxtəlif vaxtlarda M.Əliyeva və oğluna onların işlətdikləri lombardlarda qızıl-zinət əşyaları verib faizlə pul götürdüklərini, lakin daha sonra bütün pulları faizləri ilə birgə geri qaytarsalar da, qızıllarını ala bilmədiklərini deyiblər. Şikayətçilər həmçinin qeyd ediblər ki, M.Əliyeva tanınmış generallardan birinin adını çəkərək vətəndaşların etibarını qazanıb və daha sonra ortadan itib, aldığı qızılları geri qaytarmaqdan yayınmağa başlayıb.

O da məlum olub ki, Mazbura Əliyeva bir çox şəxslərə özünü Nəzakət adı ilə təqdim edib.

Zərərçəkmişlərdən bəziləri işin rayon məhkəməsində deyil, Bakı Ağır Cinayətlər Məhkəməsində baxılmasını, onlara ümumilikdə külli miqdarda ziyanın dəydiyini, cinayət işinin qanunla müyyən edilmiş maddəyə uyğun, yəni 178.3.2-ci maddəsi ilə açılmadığını deyiblər.

M.Əliyeva isə ifadəsində özünü qismən təqsirli bilib: “25 ilə yaxın bu işlə məşğul olmuşam, heç kimin pulunu yeməmişəm. Əgər dələduzluq etmişəmsə, niyə indi evsiz, işsizəm? 2018-ci ildə mənə pul atdılar. 10.04.2017-ci il tarixdə isə bizim maşından qızıl-zinət əşyaları və pul oğurlandı. Bunlara görə həmin vaxt polisə şikayət etmişdik. Türkiyədən qızıl daşımaq məsələsinə qoşuldum, işini başsız buraxdım. Olmamağından istifadə etdilər. Zərərçəkmiş şəxslərə dəymiş ziyanın ödənilməsi üçün mənə vaxt vermələrini, şikayət etməmələrini xahiş etmişəm. Əmlakımı satıb onların pulunu qaytarmaq istəmişəm, lakin həbs olundum. İmkansızlıqdan iki anasız nəvəmi Mərdəkanda uşaq evinə verdim. Mənə hansı cəza verilməsindən asılı olmayaraq, azadlığa çıxsam, dəymiş ziyanı ödəyəcəm. Mənə borclu olan şəxslər var. Hazırda zərərçəkmiş şəxslərə dəymiş ziyanı ödəməyə imkanım yoxdur”.

Qeyd edək ki, bir müddət əvvəl iş adamı Vüqar Bəkirov da M.Əliyevanın ona qarşı dələduzluq etdiyini, 500 min manat dəyəri olan brilyantlarını ələ keçirdiyini bildirmişdi. O, həmçinin iddia etmişdi ki, M.Əliyevanın arxasında Bakı şəhər Prokurorluğunun keçmiş müstəntiqi Müşfiq Abbasov dayanır.

Onu da əlavə edək ki, Müşfiq Abbasov barəsində Səbail rayon Məhkəməsinin hökmü ilə 3 il sınaq müddəti təyin edilməklə, şərti cəza verilib. Belə ki, Müşfiq Abbasov İlhamə Quliyevanın keçmiş köməkçisi Mehriban Hüseynovanın ona qarşı hazırladığı sui-qəsdlə bağlı cinayət işini araşdırıb. Bu işdə bir çox saxtakarlığa yol verdiyi müəyyən edilib. Bundan sonra Müşfiq Abbasov prokurorluq orqanlarından xaric olunub.

Qafqazinfo