“Gigiyena gözlənilməsə, koronaviruslu xəstə orta hesabla 2-3 nəfəri yoluxdurur”backend

 “Sərt izolyasiya və gigiyenik tədbirlər görülməyəndə koronavirusa yoluxan bir şəxs orta hesabla 2-3 nəfəri yoluxdurur”.

“Yeni Gündəm” xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bildirib.

Onun sözlərinə görə, yoluxmanın 63%-dən çox azalması pandemiyanın səngiməsinə səbəb ola bilər:

“Dünya üzrə riyazi modelləşdirmə onu göstərir ki, sərt izolyasiya və gigiyenik tədbirlər görülməyəndə koronavirusa yoluxan bir şəxs orta hesabla 2-3 nəfəri yoluxdurur. Bəzi ölkələrdə koronovirusun yayılmasının böyük sürəti də bununla bağlıdı. Çində ilk vaxtlar epidemiya hər 6,4 gündə iki dəfə arealını genişləndirmişdi. Amma riyazi modelləşdirmə göstərir ki, yoluxma səviyyəsinin 25-50% aşağı salınması xəstəliyin yayılmasını əhəmiyyətli dərəcədə azalda bilər. Yoluxmanın 63%-dən çox azalması isə pandemiyanın səngiməsinə səbəb ola bilər. Yoluxmanı azaltmaq üçün də sosial izolyasiya əsas şərtdir və Azərbaycanda xüsusi karantin qaydalarına ciddi əməl edilməsi hər birimizin sosial məsuliyyətidir.Yalnız sosial izolyasiya yoluxmanın qarşısını almağa və vəziyyəti nəzarətdə saxlamağa imkan verə bilər”.

Qeyd edək ki, Azərbaycanda 24 mart 2020-ci il saat 00:00-dan etibarən 20 aprel saat 00:00-dək xüsusi karantin rejimi elan edilib.