“Gilan Holdinq”də kütləvi ixtisar: Qəbələnin yüzlərlə sakini işsiz qalıbbackend

“Gilan Holdinq”in Qəbələ rayonunda yerləşən turizm komplekslərində və istehsal müəssisələrində kütləvi ixtisarlar gedir. İşdən çıxarılan yerli sakinlərdən biri Pressklub.az-a bildirib ki, iki həftə əvvəl onlara “Qəbələ Sport Hotel”, “Qəbələ Hotel”, “Karvansara Otel”, “Qafqaz Resort Hotel”, “Qafqaz Riverside Hotel”, “Gilan Hotel”in fəaliyyətini dayandırdığını elan ediblər.

Mənbə bildirib ki, Holdinqin yerli istehsal müəssiələrindən Çips Zavodu, meyvə şirələrinin istehsalı ilə məşğul olan zavod dayanıb. Fındıq Emalı Zavodu isə artıq yerli fermerlərdən məhsul qəbul etmir. Məhsul bu il ötən ilki qiymətlərdən xeyli ucuz – 3 manat 20 qəpiyə alınıb. Yerli sahibkarların bildirdiyinə görə, audit yoxlamaları adı altında başlanan bu proses, əslində, sahibin dəyişməsi məqsədi daşıyır.

Hotellərin birində işini itirmiş Qəbələ sakini bildirir ki, onlara bundan sonra fəaliyyət göstərməyəcəklərini deyib, maaşlarını ödəyib, əmək müqavilələrinə xitam veriblər: “Rəhbərlikdən öyrəndik ki, hotellərin yeni sahibləri əvvəlki işçilərin işdən çıxarılmasını tələb edib, bütün obyektlər bir türk şirkətinin idarəçiliyinə verilib. Onlar isə öz komandaları ilə işləyəcəklər. Bu hotellərdə Qəbələ rayonunun 300-dən artıq sakini çalışıb, indi hamı işini itirib. Bu çətin vaxtda bilmirik, nə edək, haradan iş tapaq”.

“Gilan”ın yerli istehsal müəssisələrində işləmiş başqa bir yerli sakin də Pressklub.az-a deyib ki, müəssisələrin dayanması rayonda ciddi işsizlik yaradıb: “Məlumdur ki, Qəbələdə ancaq “Gilan Holdinq” fəaliyyət göstərir, burada işçi tutumlu müəssisələr bu şirkətə məxsusdur. Son illər onların fəaliyyəti xeyli zəifləmişdi, işçilərin azı üçdə biri ixtisar edilmişdi. Bu il isə demək olar ki, bütün müəssisələr dayanıb, rəhbərlik səbəbini bizə demir. Amma eşitdiyimizə görə, şirkətin sahibi dəyişdirib, ona görə bütün obyektlər dayanıb”.

“Gilan Holdinq”də baş verənlərə aydınlıq gətirmək üçün şirkətin internet səhifəsində yerləşdirilmiş əlaqə telefonuna zəng etdik. Avtomatik qəbul sistemindən “Kapital Taueres” şirkətinə zəng etdiyimiz qeyd olundu və zəng operatora yönləndirildi. Dəstəyi qaldıran əməkdaş sualları dinlədikdən sonra bildirdi ki, şirkətdə ixtsarlar aparılıb. Əlavə etdi ki, medianın suallarını cavablandıracaq şəxs, qurum olmadığına görə başqa heç bir məlumat verə bilməzlər.

“Gilan”ın otellər şəbəkəsindən isə bildirildi ki, hazırda yalnız “Tufandağ” və “Qafqaz Riverside” hotelllərinə müştəri qəbul edirlər. Digər hotellərin isə fəaliyyətini dayandırıldığı qeyd olundu.

Ölkədə pandemiyanın yaratdığı sosial gərginliyin hələ də sabitləşmədiyi dönəmdə istehsalat və turizm sektorunda fəaliyyət göstərən ən böyük holdinqlərdən birinin yüzlərlə işçini ixtisar etməsi nə dərəcə düzgün qərardır? Onların problemləri necə həll olunmalıdır?

Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının rəhbəri Sahib Məmmədov Pressklub.az-a bildirib ki, təcrübədə bu kimi hallar illərdir baş verir. O, Əmək Məcəlləsinin 146-ci maddəsinə istinad edərək, qanunvericilikdə müəssisədə işin dayandırılması ilə əlaqədar işçilərin qrup halında məzuniyyətə buraxılmasının tənzimlənməsi qaydasını izah edib:

“Maddənin 1-ci bəndinə görə, kollektiv müqavilələrdə, belə müqavilələr bağlanmadığı hallarda əmək müqavilələrində nəzərdə tutulan şərtlərlə və qaydalarda, işin normal ahəngini pozan amillər — təbii fəlakət, istehsalat qəzaları və operativ surətdə qarşısı alınmayan digər hallar mövcud olduqda, işəgötürənin təqsiri olmadan istehsalın, axın xəttinin və işin dayandırılması ilə əlaqədar olaraq işçilər qrup halında ödənişli, yaxud ödənişsiz məzuniyyətə buraxıla bilərlər. Bu halda ödənişsiz məzuniyyətin müddəti, işçinin bu Məcəllədə nəzərdə tutulmuş qaydada müəyyən edilmiş əsas məzuniyyətinin iki illik müddətinin cəmindən çox olmamalıdır.

2-ci bəndə görə, işəgötürənin təqsiri üzündən istehsalın, axın xəttinin və işin dayandırıldığı hallarda işçilərin qrup halında ödənişsiz məzuniyyətə buraxılması yolverilməzdir. Bu hal işəgötürənin təqsiri üzündən boşdayanma hesab edilir və işçilərə bu Məcəllənin 169-cu maddəsində nəzərdə tutulmuş məbləğdə əmək haqqı ödənilir”.