Gizirin intiharı ilə bağlı yeni xəbərbackend

Dövlət Sərhəd Xidmətinin (DSX) gizirinin özünü asaraq intihar etməsi faktı ilə bağlı cinayət işi başlanıb.

Bu barədə “Yeni Gündəm”-ə Respublika Hərbi prokurorunun böyük köməkçisi-Hərbi Prokurorluğun Mətbuat xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev deyib. O bildirib ki, 10 may 2022-ci il tarixdə Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu, gizir Əlizadə Tərlan Rafiq oğlunun həmin gün xidməti mənzildə özünü asaraq öldürməsi barədə Şəmkir hərbi prokurorluğuna məlumat daxil olub:

“Daxil olmuş məlumat əsasında Şəmkir hərbi prokurorluğunun əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülüb, izahatlar alınıb, müvafiq ekspertizalar təyin olunmuş və digər zəruri hərəkətlər yerinə yetirilib.

Hazırda Şəmkir hərbi prokurorluğunda araşdırma davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin ediləcək”.