Göyçayda işıqların tez-tez söndürülməsinin əsl səbəbi budur – ŞİKAYƏTbackend

Əksər elektrik dirəkləri, yüksək gərginlikli naqillər, o cümlədən transformatorlar bərbad vəziyyətdədir. Gər, qoz və digər ağaclardan dirək əvəzi istifadə olunur, naqillər aşağı sallanıb, bəzi yerlərdə isə sıx ağaclıqların içərisindən keçdiyi üçün tez-tez qısa qapanmalar baş verir, transformatorların bir çoxunda ötrücü və ayrıcılar mövcud deyil. Kənardan baxanda həmin transformatorlar sanki illər öncə ölmüş adamın skeletinə bənzəyir. Elə ona görə də cuzi meh əsən kimi və ya yerə bir damcı yağış-qar düşər-düşməz işıqlar söndürülür. Elektrik enerjisinin verilməsində saatlarla fasilələr yaranır. Xüsusən də üzərində ən çox abonent sayı olan 3-cü xətt daha acınacaqlı durumdadır.

Görəsən, yuxarıda sadaladığım problemlərin əsl yaranma səbəbi nədir? Belə çıxır ki, Göyçay elektrik sahəsində dövlət tərəfindən lazımi avadanlıqlarla təhciz olunmur?

Mən ictimai fəal olaraq həm öz adımdan, həm də rayon sakinləri adından Prezident Administrasiyasından, “Azərişıq” ASC-nin sədri yoldaş Vüqar Əhmədovdan və aidiyyəti qurumlardan çox xahiş edirəm, Göyçay elektrik sahəsində əsaslı yenidənqurma işləri aparılsın!