“Göyçə, Zəngəzurun “Respublika” elan edilməsi çox böyük siyasi səhvdir” – Deputatbackend

“Göyçə, Zəngəzurun “Respublika” “Göyçə-Zəngəzur Respublikası” adlı bir  təsisatı Azərbaycana, Türkiyəyə və bu iki ölkənin strateji əməkdaşlığına qarşı yönəlik vahid təxribat  ssenarisidir. Bu günlərdə mətbuatda və sosial şəbəkələrdə sürətlə  paylaşılan “Göyçə-Zəngəzur Respublikası” adlı təşkilat əqidəsi, məqsədi bilinməyən və qaranlıq mənbələrdən qaynaqlanan bir qrup insanlar tərəfindən Türkiyədə elan edilibdir. Bu təşkilatı yaradan insanlar bilərəkdən və ya bilməyərəkdən  fəaliyyətləri ilə həm Türkiyəyə, həm ölkəmizə və həm də bu iki qardaş dövlət arasında strateji müttəfiqliyə kölgə salmaq niyyətindədir. Hesab edirəm ki, “Göyçə-Zəngəzur Respublikası”nı elan etmək ancaq düşmənlərimizin dəyirmanlarına su tökmək və onların planlanlarına uyğun hərəkət etməkdir.

Bu sözləri “Yeni Gundem”ə açıqlamasında Milli Məclisin deputatı Məlahət İbrahimqızı bildirib.

Millət vəkili həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycan torpaqları ilə bağlı etdiyi hər bir çıxışında səsləndirdiyi fikirləri qeyd edərək, bu hadisəni siyasi bir səhv adlandırdı. Eyni zamanda bu səhvin kimlərin və nəyə görə etdiyinidə açıqladı.

“Hər kəsə məlumdur ki, möhtərəm cənab Prezidentimiz cənab İlham Əliyev neçə illərdir ki, ən mötəbər kürsülərdə və ən mürəkkəb məqamlarda İrəvanın, Zəngəzurun və Göyçənin Azərbaycanın tarixi torpaqları olduğunu bütün dünyaya bəyan edibdir. Hətta 2020-ci ilin fevralında Münxendə keçirilən Münxen Təhlükəsizlik Konfransında Ermənistanın Baş Naziri ilə debatında son iki yüz il ərzində Azərbaycanın tarixi torpaqlarının zaman-zaman necə ermənilərə verilməsini tarixi faktlar və hüquq çərçivəsində beynəlxalq ictimaiyyətə müfəssəl məlumat çatdırdı.  Azərbaycan xalqının bu tarixi ədalətsizliklə barışmayacağını bildirdi. Möhtərəm Prezidentimiz səsləndirdikləri bu fikirləri ilə Qarabağın, Gəncənın, Şəkinin, Bakının, Qazaxın, Lənkaranın Azərbaycanın bir parçası olduğu kimi, Göyçə də, İrəvan da, Zəngəzur da Azərbaycanın ayrılmaz parçası anlamındadır. Bu mənada  “Göyçə-Zəngəzur Respublikası”nın elan edilməsi tamamilə yalnış bir addımdır və bu təşkilatın arxasında  sağlam əqidəli qüvvələr  ola bilməz. Bu təşkilatın təsis edilməsi  Azərbaycan və Türkiyəni sevməyən, eləcə də bu iki qardaş ölkənin münasibətlərinə xələl gətirmək istəyən qüvvələrin sifarişidir. Xüsusilə də indiki vəziyyətdə belə bir qurumun yaradılması, Azərbaycanın beynəlxalq aləmdə qazandığı imic, böyük uğurlar, torpaqlarımızın işğaldan azad edilməsi, əldə edilən möhtəşəm Zəfər fonunda hansısa qüvvələrlə işbirliyi adlandırmaq olar. Bildiyimiz kimi xaricdə hələ də məğlubiyyətini qəbul etməyən dünya erməniliyi hələ də sakit dayana bilmir. Onlar Respublikamızın sərhədlərində vaxtaşırı təxribatlar törətməklə kifayətlənmir. Vandal erməni qrupları hətta  bir sıra xarici ölkələrdəki səfirliklərimizə basqın və hücümlar edirlər.

Eyni zamanda ölkəmizin daxilində olan 5-ci kalon və milli satqınlar və milli xainlər də  şərəfli və şanlı Milli Ordumuzun erməni təxribatının qarşısının alınmasını təcavüzkar adlandırmaları çox maraqlı və düşündürücü suallar doğurur. Hesab edirəm ki, bütün bunlar ölkəmizə, Azərbaycan və Türkiyəyə eləcə də iki ölkənin strateji müttəfiqliyə qarşı bir mərkəzdən idarə edilən və bir neçə istiqamətdə həyata keçirilən və ictimaiyyəti çaşdıran  vahid strategiya və vahid çirkli kampaniyalardır. Bu, dövlət siyasətimizə və dövlətçiliyimizə qarşı yönəlmiş bir addımdır. Belə olan halda Göyçə-Zəngəzurun “respublika” elan edilməsi çox böyük siyasi səhvdir. Bir daha deyirəm Göyçə də, Zəngəzur da, İrəvan da Azərbaycanın tarixi torpaqlarıdır. 1988-89-cu illərdə üç yüz minə yaxın soydaşımız erməni işğalı nəticəsində özdoğma yurdlarında etnik təmizləməyə, soyqırıma, deportasiyaya məruz qalaraq didərgin oldular. Hesab edirəm, bu insanlar etdikləri səhvin, yanlış yolun başlanğıcında, ortasında da olsalar, geri qayıtmalıdırlar. Bununla bərabər müvafiq qurumlar belə qaranlıq və çirkli niyyətin arxasında dayanan qüvvələri müəyyən edəcək. Azərbaycan ictimaiyyəti “Göyçə-Zəngəzur Respublikası”nın “yaradıcıları”nın qaranlıq məramlarını çox doğru dəyərləndirəcək.Azərbaycan ictimaiyyəti ağı qaradan seçməyi bacarır və Göyçənin, Zəngəzurun, İrəvanın Azərbaycanın tarixi torpağı və Vətənimizin  bir parçası olduğunu bilir. Bu torpaqların hansı hissəsində  qondarma bir dövlət və respublika qurmaq niyyəti ancaq Azərbaycanı sevməyən qüvvələrin işidir.  Müzəffər Ali Baş Komandanımız, dövlət başçımız cənab İlham Əliyevin apardığı siyasəti izləyən, onu dəstəkləyən heç bir azərbaycanlı heç vaxt belə hərəkət etməz. Bəli, möhtərəm Prezidentimiz uzun illər ərzində hər zaman deyib ki, Göyçə də, Zəngəzur da, İrəvan da Azərbaycanın tarixi torpaqlarıdır. Tarixi ədalətsizlikdən qaynaqlanaraq Azərbaycanın bir parçası olan bu torpaqlar zaman-zaman Azərbaycan xalqından qeyri-qanuni şəkildə alınaraq mənfur ermənilərə verilib. Necə ki, Bakı, Xaçmaz, Lənkəran, Gəncə və s. Azərbaycanın bir parçasıdır,Göyçə, Zəngəzur, İrəvan da belədir. Bu qüvvələrin təhlükəli fəaliyyətini qətiyyətlə rədd edir və bütün ictimaiyyəti də buna çağırıram. Hesab edirəm, qardaş xalqda bu insanların hansı məqsədə xidmət etdiyini doğru dəyərləndirəcəklər.  Yekun olaraq bir daha bir ziyalı və Qərbi azərbaycanlı kimi “Göyçə-Zəngəzur Respublikası”nı və onu təsis edənləri rədd edirəm.”

Fərahim RƏHİMOV

Yenigundem.az