“Gözəl insan bu etibarsız dünyadan canını qurtardı” – Nadir Qafarzadəbackend

Bəlli olduğu kimi, tanınmış müğənni Səyyad Əlizadə vəfat edib.

“Yeni Gündəm” xəbər verir ki, sənətçinin ölümündən sonra sənət dostları sosial şəbəkələrdə onunla bağlı paylaşımlar ediblər.

Müğənni Nadir Qafarzadə: “Səyyad Əlizadəni itirdik, Allah rəhmət eləsin! Gözəl insan bu etibarsız dünyadan canını qurtardı. Ədalətsiz və amansız dünya, sən nələrə qadirsən… Yerin cənnət olsun”

Şairə Nazilə Səfərli: “Səni də itirdik bəyaz gecələrin ləkəsiz adamı…

Səni də itirdik, heyiflər olsun!

Üzündə qız-gəlin həyası,

Səsində bülbül havası,

Susdunmu əbədi?

Susdun dostum…”

Xeyriyyəçi, aparıcı Nuran Hüseynov: “Sənət insanların ölüm xəbəri mənim üçün ən üzücü məlumatdır. Sevmirəm bu cür xəbərləri, amma insanlıq halıdır, çox vaxt canımızın qədrini xəstələnəndə bilirik, əzizlərin qədrini isə itirəndə. Onun koronavirusa yoluxub, xəstəxanaya yerləşdirildiyini eşidəndə qulaqlarıma inanmamışdım. Əslində mən ona heç bir xəstəliyi yaraşdırmırdım da. Çünki o, başqa, heç kimə bənzəməyən oğul idi. Baməzə zarafatlarından, şirin söhbətlərindən doymaq olmazdı. Amma təəssüf ki, dünyanı cənginə alan COVİD-19 bəlasına o da yoluxdu və mücadilə verə bilmədi. Əvvəllər bəlkə də bizə inandırıcı gəlmirdi bu virus. Amma indi dostumuz, tanışımız bu bəlaya yoluxduqca günümüzün kabusuna çevrilən bu xəstəliyin ciddiliyini daha yaxşı anlamağa başlayırıq”.